• 24 Noyabr 2024 01:24

Həbsdə olan separatçılar Paşinyanın hansı sirrini açıb?

 

“Əgər separatçılar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəklərsə, bu, o demək deyil ki, onlar cəzasız qalacaqlar. Sadəcə olaraq, onlar istintaqla əməkdaşlıq etdikləri üçün cəzaları yüngül olacaq. Yəni Bakıda həbsdə yatan Qarabağ separatçıları üçün nəzərdə tutulan cəzalar bir az yüngülləşdirilə bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

O, Bakıdakı istintaq təcridxanasına yatan Qarabağ separatçılarının yayımlanan son fotolarına münasibət bildirib.

Xatırladaq ki, sözügedən şəkillər sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub. Onlar Bakıda “konfort şəraitdə” saxlanılan qondarma “Artsax liderləri”nin Azərbaycanla əməkdaşlıq etdiyini, baş nazir Nikol Paşinyanın bəzi mühüm sirlərini satdıqlarını və bunun müqabilində cəzalarının yüngülləşdiriləcəyini iddia ediblər.

Məsələyə münasibət bildirən İ. İsmayılın sözlərinə görə, separatçılar istintaqa keçmişdə baş verən hadisələrlə bağlı məlumat verə bilərlər:

“Elə məsələlər var ki, onların hüquqi və kriminal yox, məhz siyasi tərəfləri mövcuddur. Siyasi yükü olan informasiyaların əldə olunması mümkündür. Onsuz separatçıların cinayət törətdikləri bəllidir və bu məsələni istintaq detallarına qədər ortalığa qoyacaq. Araik Arutyunyanın gülərüz şəklinə istinadla Azərbaycanla əməkdaşlıq etməsi barədə deyilənləri qismən doğru saymaq olar. Əslində, normal düşüncəsi olan adam, o cümlədən Araik də bilir ki, əməkdaşlıq etməsə, onun üçün daha pis vəziyyət yarana, hətta perspektivdə əfv siyahısına düşməyə də bilər.

Bəli, Azərbaycan dövləti münasibətlərin normallaşması üçün perspektivdə onları əfv edə bilər. Lakin bundan əvvəl məhkəmə və cəza olmalıdır”.

“Əlbəttə, onlara hansısa işgəncə verilmir, əksinə, bütün beynəlxalq qayda-qanunlara uyğun olaraq tədbirlər həyata keçirilir. Əgər separatçıların üzündə təbəssüm və gülüş yaranıbsa, bu, o demək deyil ki, onlar bütün məsələlərdə istintaqla əməkdaşlıq edəcək. Məncə, buna əlavə nə isə demək çətin məsələdir”, – deyə mütəxəssis əlavə edib.

İ. İsmayılın qənaətinə görə, normal istintaq prosesi gedir:

“Separatçı liderlər yalnız keçmişlə bağlı danışa bilərlər. Onların ifadələri əsasında biləcəyik ki, havadar dövlətlərin də Azərbaycana qarşı niyyətləri nədən ibarət olub”.

Tacxeber.com

Oxşar xəbərlər