• 27 Noyabr 2024 21:54

Dilənçilərin əlindəki tərpənməyən canlı uşaq dəhşəti – “Göz yummaq olmaz” 

 

Bir neçə il əvvəl sevilən müğənni Murad Arifin dilənçilərin qucağındakı uşaqlarla bağlı etdiyi paylaşım yenidən gündəmə gəlib.

Tacxeber.com xəbər verir ki, ifaçı paylaşımında belə uşaqların körpəlikdən oğurlandığını iddia etmişdi. Müğənni o körpələrin bir səs çıxartmadığına və hərəkət etməməsinə diqqət çəkmişdi:

“Bunun dəhşətli bir sirri var. Uşağın sakit olması və “işə” mane olmaması üçün ona bir qayda olaraq ağır yuxu dərmanları və iynələr vurulur. Əksər hallarda belə zəhərlənmələrə dözməyən körpələr çox yaşamır, hətta “iş vaxtı” tələf olur. Buna baxmayaraq yalançı ana, günün sonunadək bələnmiş uşaq meyiti ilə dilənməyə davam edə bilər. Özünüz körpə ilə dilənənlərə 1 saat tamaşa etsəniz, uşağın şübhəli səssizliyi sizə durumu aydın edəcək.
Daha bir dəhşətli fakt odur ki, dilənçilər oğurlanmış uşaqları bilərəkdən yandırır, qollarını, ayaqlarını amputasiya etdirir, üzlərinə turşular tökür ki, şikəst və xəsarət almış uşağa daha çox yazığımız gəlir və çarəsizlikdən cibimizdəki son qəpiyi də verməyə hazır oluruq. Bu, böyük bir biznesdir və Hindistan, Çin, Afrika, eləcə də Sovet ölkələrində geniş yayılıb.
Sizin verdiyiniz hər qəpik bu murdar biznesin və uşaq zülmünün inkişafına bir dəstəkdir! Hər kəsə bunu danışın, insanları maarifləndirin, körpələri xilas edin!”
Ötən 6 il ərzində bir çox şey dəyişsə də, təəssüf ki, belə halların qarşısı tamamilə alınmayıb və vaxtaşırı bu mövzu gündəmə gəlir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov belə halların ötən illərlə müqayisədə xeyli azaldığını deyib. Bununla belə deputat hesab edir ki, cəmiyyət də müəyyən qədər məsuliyyət daşıyır:

“Uşaq əməyini istismar etmək, onların hüquqlarını ciddi şəkildə pozmaq, onların sosial, əqli, fiziki, psixoloji inkişafına zərər vurmaqdır. Təbii ki, belə halların qarşısının alınmasında dövlət, qeyri-kökumət təşkilatları, ümumiyyətlə, cəmiyyət birlikdə çalışmalıdır. Azərbaycan qanunvericiliyi, uşaqlarının həyat və sağlamlığının mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. O cümlədən zaman-zaman uşaqların dilənçiliyə cəlb edilməsi, onların istismar olunması məsələləri gündəmə gəlir və hər birimiz təbii ki, bunlarla rastlaşırıq. Həm Bakıda, həm də regionlarda belə hallar var. Əslində, dövlət, əsasən də Daxili İşlər Nazirliyi dilənçiliklə məşğul olan insanlarla mübarizə aparır və etiraf etmək lazımdır ki, son illərdə çox böyük uğurlar da var. Belə insanların demək olar ki, sayının azalması və hətta az gözə dəyməsi müşahidə olunur. Bu sevindirici hal olsa da, o demək deyil ki, kökü tamamilə kəsilib.
Belə hallarla mübarizə üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyətləri təbii ki, hüquq-mühafizə orqanları ilə birlikdə maarifləndirmə işlərini gücləndirməlidir.

Cinayət baş verəndən sonra onun aşkarlanması, günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi hüquq-mühafizə orqanlarının vəzifəsidir, amma bunun qarşısının alınması üçün bütün cəmiyyətin mübarizə aparmasına ehtiyac var. Biz bunun qarşısının alınmasının yalnız kimlərinsə, bir qrup dövlət adamlarının vəzifəsi olduğunu düşünməklə böyün yanlışlığa yol veririk.
Çünki ola bilər ki, belə hallar yaxınlığımızda, qonşuluğumuzda yaşansın. Biz buna göz yumub yalnız dövlətin mübarizə aparmasını gözləyiriksə, səhv edirik”.

Millət vəkili hesab edir ki, körpələrin bu cür durumlara düşməməsi üçün cəmiyyət ayıq-sayıq olmalı, rastlaşdıqları hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər:
“Uşaqların istismarında, onların dilənçiliyə cəlb edilməsində keçmiş illərdə xüsusi qrupların az qala təşkilatlanmış formada məşğul olması, qadın və uşaqları küçələrə gətirərək onları dilənçiliyə sövq etmələri, axşam onlardan yığdıqları pulların mənimsənilməsi faktları var idi və onların bir çoxu cinayət məsuliyyətinə cəlb edildi.
Hazırkı duruma baxsaq, kütləvi halda olmasa da, belə hallar hələ də gözə dəyir. Avtomobillər işıqforda dayanan zaman biz yenə də bir qrup qadınların yanlarında kiçik yaşlı uşaqlarla diləndiyini görürük. Və yaxud da kiçik yaşda olan uşaqlar ictimai iaşə müəssisələrinə yaxınlaşaraq dilənirlər. Təbii ki, birinci növbədə onlara pul verməmək, profilaktik söhbət aparmaq lazımdır. Onlarla söhbət edərək haradan gəldiklərini, kimlər tərəfindən göndəridiklərini öyrənmək, faktlar varsa, polis orqanlarına məlumat vermək lazımdır. Belə hallara göz yumsaq, laqeyd yanaşsaq, təbii ki, mübarizə aparmaq da çətinləşir. Belə uşaqların aşkarlanması, təhsilə, idmana cəlb edilməsi, cəmiyətə inteqrasiya olunmaları üçün hər birimiz məsuliyyət daşımalıyıq”.

Tacxeber.com

Oxşar xəbərlər