Bu gün Gəncədə 11-ci sinif şagirdinin bıçaqlanması Azərbaycanda məktəblilər arasında törədilən ilk cinayət hadisəsi deyil. Buna qədər xırda xuliqanlıqdan tutmuş ölümlə bitən bıçaqlanmaya qədər neçə-neçə oxşar hadisə baş verib və bu, valideynləri narahat etməyə bilməz.
Sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov “Yeni Sabah”a açıqlamasında orta təhsil müəssisələrinin de-kriminallaşmasında ata və ana rolunu vacib sayıb:
“Valideynlər uşaqlarının tərbiyəsi ilə məşğul olmalıdırlar. Çünki uşaqlar məktəbdə günün bir neçə saatını olur, vaxtın əksəriyyətini isə evdə keçirirlər. Buna görə məsuliyyət birinci olaraq valideynlərin, daha sonra müəllimlərin öhdəsinə düşür.
Şagirdin tərbiyəsi və nizam-intizamında ata-ana mühüm rol oynayır. Onlar öz davranış və münasibətləri ilə uşağa nümunə olurlar. Bütün bunlar elə tənzimlənməlidir ki, şagirdlər arasında hər hansı xoşagəlməz hal baş verməsin.
Uşaqlıq dövrümüzdə heç kəs bizə “tərbiyəli ol” deməyib. Biz ətrafımıza, ilk növbədə, valideynimizin davranışlarına uyğun böyüyüb boya-başa çatmışıq.
Fikrimcə, bütün bu nüanslar çox önəmlidir. Sözügedən məsələdə əsas güc və ağırlıq birinci ananın, daha sonra atanın üzərindədir”.
M. Mərdanov qeyd edib ki, məktəb psixoloqları və telekanallar bu halların qarşısını almaq üçün bir sıra ciddi addım atmalıdır:
“Əvvəllər sosial şəbəkələr geniş yayılmadığından belə hadisələr ard-arda baş vermirdi. İndi daha çox nəzərə çarpır. Ancaq son zamanlar analoji hadisələrin sayında artım hiss olunur və qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. Valideynlər, müəllimlər, xüsusən, məktəblərdə fəaliyyət göstərən psixoloqlardan çox şey asılıdır.
Bundan əlavə, telekanalların da üzərinə çox ciddi vəzifələr düşür. Efirlərdə sözügedən istiqamətdə tərbiyə yönümlü tədbirlər, verilişlər hazırlanıb yayımlanmalıdır”.