Müğənni Vəfa Şərifovanın “pulun yoxdursa, hansı sevgidən söhbət gedə bilər?” fikri müzakirələrə səbəbə olub. Maarqlıdır ki, belə düşünən təkcə o deyil. İndi bəzi qadınlar sevgini və hörməti onlara gələn bahalı hədiyyə və xərclənən pullarla ölçür. Əksər boşanma hallarında da səbəb maddiyat göstərilir.
Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə son dövrlər qadınlar haqqında yayılan bu fikirləri bu cinsin bütün nümayəndələrinə aid etmək doğru deyil:
“Elə xanımlarımız var ki, nə pulla, nə də digər bahalı hədiyyələrlə dəyər ölçmürlər. Çünki onlar öz dəyərlərinin fərqindədirlər. Belə qadınlar özlərinə o dəyəri verməyi bacarır deyə, qarşı tərəfdən də həmin diqqəti və qayğını qazana bilirlər. Əgər münasibət maddiyat əsasında qurulacaqsa, müəyyən bir müddət sonra da bu səbəbdən sonlanacaq. Boşanmaların sayında artım hiss olunur. Bu artıma təsir edən ən böyük səbəb də maddi məsələləri qabarıq şəkildə ön plana çıxarmaqdır. Bu bəsit insanların seçimidir ki, belə səbəblər əsnasında öz yuvalarını dağıtmaq üçün addımlar atırlar. Elə qadınlar var ki, öz dəyərlərinin nədən ibarət olduğunu bilirlər. Burada eqodan ya da özündən razı olmaqdan söhbət getmir. Potensialımızı bildiyimiz üçün öz məntiqi təfəkkürümüzü də ilk olaraq özümüz dərk edirik. Hər bir qadın bu düşüncələrlə dəyərinin fərqinə varsa, qarşı cinsdən aldığı hədiyyələrlə bu meyarı müəyyənləşdirməz”.
Ekspert bildirir ki, qadınlara pul xərcləyən kişilərin əksəriyyəti onları asan əldə etmək üçün bu yola əl atır:
“Qadını hədiyyə yox, əqidəsi, xarakteri, effektiv ünsiyyəti və özü kimi səmimi davranmağı dəyərli edib sevdirir. Simvolik hədiyyə yağışına tutulmaq, asan yolla əldə edilməkdir. Qadın nəfsinə sahib olduğu zaman dəyər və hörmət qazanır. Kişilər pul xərclədiyi qadını yox, xərclənən pullarını sevirlər və buna heyfləri gəlir. Qadın bunu anlasa əqidəsini pula satmaz. Diqqət maddiyyatdan irəli gəlmir. Əgər kişi xanımını önəmsəyirsə, onun bacarmadığı bir işin öhdəsindən gələrək qadını əziyyətə salmaz”.