Medallı və medalsız Hacı
Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.
Hacı Zeynalabdinin adı həyatımda özəl bir yer tutur. O, tariximizin ən parlaq simalarından biridir.
Onu ziddiyyətli şəxsiyyət olaraq əsla qəbul etmirəm. Hacını çar Rusiyasının medalları ilə də sevirəm, yalın fraklı halı ilə də.
Onun heykəlini postamnetli olsa da sevərdim, indiki kimi – bizim boyda olan abidəsini də.
Əslində o heykəl bizim nəsildən çox gələcək nəsillərə lazımdır.
O zatən bizim qəlbimizdədir hər daim…
Mən Hacıya bildiklərim, oxuduqlarım və gördüklərimdən dolayı heyranam,
amerikalı bir tarixçinin açdığı bəzi məqamlar məni nə qədər incitsə də yenə hörmətim əbədidir.
Tağıyev xalqımızın könlündə bütün haqlı və haqsız tənqidlərə rəğmən taxt qurmuşdur. Çünki elədikləri iddialarla müqayisədə çox böyükdür, müqayisəyə belə gəlmir.
Lütfəli Bəy Behbudov məsələsini bir məişət münaqişəsi kimi qiymətləndirsək daha doğru olar, məncə..
Əhməd Bəy Ağaoğlu məsələsi daha ciddi bir məsələdir. O acı hadisə sona qədər doğru-düzgün araşdırılmayıb. Düşüncə tariximizin ən nəhəng şəxsiyyətlərindən biri olan Ağaoğlunun məcburi mühacirəti haqda çox qaranlıq xüsuslar var.
Çox heyif, bizi vaxtsız tərk edən görkəmli tarixçimiz Aydın Balayev həyatda olsaydı indi ona o qədər çox sual ünvanlayırdım ki…
Yaxın tariximizdə Hacı Zeynalabdin Tağıyev kimi milyonçu-xeyriyyəçilər az deyil. Ancaq ən çox onun adı çəkilir, ən çox ondan danışılır.
Bu yaxında bir neçə türk dostumla (köşə yazarları, professor və həkimlər) bir məclisdə söz gəldi Bakı neftinə, sənayeləşmə tariximizə, yenə mesenatlara, onların sənətə, təhsilə və maarif üçün ayırdıqları ianələrə çıxdı. Tanınmış bir qadın yazar məndən “Hacının gördüyü işlərdən ən çox hansını önə çəkərdin?” deyə soruşdu. “Bizim qızlarımız üçün açdığı məktəb” dedim. Qadının gözləri doldu…
Biz çox vaxt nə əlimizdə olanların qədrini bilirik, nə də onların xalq üçün, millət üçün etdiklərini.
Hacı Zeynalabdin Tağıyevi sonsuz rəhmət və sevgi ilə anıram.