• 27 Noyabr 2024 05:34

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ötən il təkcə Qarabağ üzrə 30 milyondan çox vəsaiti tendersiz xərcləyib

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Şuşanın və Cəbrayılın baş planlarının hazırlanması üçün eyni şirkətlə müqavilə imzalayıb.

 

Yanvarın 25-də işğaldan azad olunmuş Cəbrayıl rayonunda aparılan bərpa-tikinti işlərini əks etdirən fotolar yayılıb.

 

Görüntülər ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Belə ki, külli miqdarda dövlət vəsaiti hesabına hazırlanan layihə-planlaşdırma işlərinin uğursuz olduğu müzakirə edilib.

 

İşğaldan azad olunan ərazilərin baş planlarının hazırlanması, ümumilikdə layihə-planlaşdırma işlərinin həyata keçirilməsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə tapşırılıb.

 

Bəs Mərkəz işləri necə təşkil edir?

 

Dövlət Satınalmalarının rəsmi saytından aydın olur ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2023-cü ildə təkcə Qarabağ üzrə 30 milyon 750 min 628 manat vəsaiti tender keçirilmədən istifadə edib.

 

Mərkəz il ərzində həm işğaldan azad olunmuş ərazilərdə, həm də müharibə dövründə hücumlar nəticəsində zərər görmüş digər şəhərlərdə tikinti-bərpa və ya layihə-planlaşdırma işləri üzrə xidmətlər çərçivəsində 56 satınalma müqaviləsi imzalayıb.

 

Müqavilələrin 29-u dövlətin tabeliyində olan layihə institutları ilə, 27-si isə özəl şirkətlərlə imzalanıb. Bu işlər üzrə ümumilikdə heç bir tender keçirilməyib. Mərkəz bütün müqavilələri “bir mənbə”dən alaraq imzalayıb.

 

Müharibənin bitməsindən bu günə qədər olan müddətdə isə təkcə Cəbrayıl rayonunda görüləcək işlər üzrə 9 milyon 528 min 101 manat dəyərində 12 satınalma müqaviləsi imzalanıb.

 

Cəbrayılın baş planının hazırlanması üçün 3 milyon 644 min 888 manat vəsait xərclənib. İşlərin həyata keçirilməsi üçün “Chapman Taylor LLP” şirkəti ilə müqavilə imzalanıb. Şuşa şəhərinin baş planını da həmin bu şirkət hazırlayıb. Şuşanın baş planının hazırlanmasına görə bu şirkətə 3 milyon 941 min 200 manat ödənilib.

 

Məsələ ilə bağlı suallarımıza cavab almaq üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə əlaqə saxlamaq istəsək də, mümkün olmadı.

 

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərir.  (AbzasMedia)

 

 

Tacxeber.com

Oxşar xəbərlər