• 31 Oktyabr 2024 20:17

“Dombalaq aşırlar, klounluq, bambılılıq, düşüklük edirlər” – Sərt açıqlama

“Dombalaq aşırlar, klounluq, bambılılıq, düşüklük edirlər” - Sərt açıqlama

“Bu gün hər şeyin başında, ilk növbədə, sosial şəbəkə dayanır. Necə ki sosial şəbəkələr var, bizim bayağı musiqimiz, gülüşümüz, səhnəciklərimiz və skeçlərimiz artacaq. Əgər illər öncə korifey hesab etdiyimiz sənətkarlarla paralel sözügedən bayağılıq da olsaydı, bu tendensiya birin minə sürətilə artardı”. 

Bu sözləri Yenisabah.az-la söhbətində tanınmış ssenarist və aktyor, “Bu Şəhərdə”nin prodüseri Müşfiq Abbasov deyib.

Müsahibimiz yumor janrındakı bayağılığın artmasından, eləcə də sosial şəbəkələrin sözügedən məsələyə olan təsirindən söz açıb.

“O vaxtı sosial şəbəkə yox idi deyə bu məsələdə istər-istəməz keyfiyyət var idi, çünki tamaşaçının seçimi yox idi. Bu gün isə sosial şəbəkələr qısametrajlı kontentləri həyatımıza daxil edib. Ona görə də bir çox insan tez-bazar yüngülvarı videolar çəkirlər. Bunun nəbzi, dramaturji xətti oldu-olmadı, fərqi yoxdur. Tez-bazar nə isə çəkib “like” qazanıb, əlində hansısa içkini tuturlar və məşhur olurlar. Mən bu reklamlara pul verən şirkətləri də qınamıram. Onlara maraqlı deyil ki, bu gülməli, ciddi, səviyyəli, yaxud səviyyəsiz və düşükdür. O, baxır ki, bu adam belə kontentdə video çəkir, buna xeyli “like” gəlir və məhsulu reklamı olur”.

“Bunları görən sıravi adamlar da görür ki, filankəs belə videolar çəkdi, dombalaq aşdı, klounluq, bambılılıq, düşüklük etdi, düşünür ki, ondan betərini mən edim, mənim “like”ım ondan çox olacaq və ondan çox pul qazanacağam. Sonra da adını qoyurlar “sənətin inkişafı”. Bu məsələdə orta statistik bir insanın məsələyə münasibətini götürməliyik. Məncə, özünə hörmət edən insan heç bir zaman sosial şəbəkədə şərh yazmaz. İnsan nə qədər avara və tüfeyli olmalıdır ki, hansısa düşük bir kontentə şərh yazsın. Əgər sən ona baxmırsansa, deməli, şərh də yazmayacaqsan. Özünü ağıllı aparıb nəyisə tənqid etmək istəyənlər isə ona baxıb yazanlardır. Tənqid isə o kontenti daha da məşhurlaşdırır. Əgər nə isə müzakirə olunursa, deməli, o, var. Burada müzakirə olunan subyekt xoşbəxt olunur ki, pis və yaxşı o müzakirə mövzusuna çevrilib. Artıq onun böyür-başında oturan da düşünür ki, o da bunu etməlidir”, – deyə o, əlavə edib.

Prodüser etiraf edib ki, o, Azərbaycanda bütün sosial şəbəkələr bağlanılmasının tərəfdarıdır:

“Qalsa da, təkcə “Facebook” qala bilər, amma digərləri bağlanmalıdır. Birinci növbədə isə “TikTok” bağlanmalıdır. Çünki gənclərin əxlaqını pozan, onu puç edən mədəniyyətsiz bir platformadır və sanki məqsəd də budur. Burada hansısa qlobal qüvvələrin məqsədi var ki, onu həyata keçirirlər və çox uğurlu alınır. Mən öz övladlarıma qadağa qoya bilərəm, amma bunları görməməsi üçün onu məktəbə buraxmayım indi? Axı onun sinif yoldaşının cibində telefon var və o bunu mənim övladıma göstərəcək. Hansı pozğun, əxlaqsız və mənəviyyatsız insanlar üçün fərqi yoxdur hansı sahədə məşhurlaşırlar”.

M. Abbasova görə, həmin o insanlar bayağılıq, tərbiyəsizlik və əxlaqsızlıqla pul qazanırlar:

“Bizim gənclərimiz də düşünür ki, filankəs filan yerini açdı, ona şir, fil yolladılar, onda qoy mən də edim bunu. Niyə oxuyub əziyyət çəkməliyəm? Ondan pisini də edə bilərəm. O bir yerini 40 sm açıbsa, mən yarım metrə qədər açacağam. Allah qismət etsin ki, “TikTok” tezliklə bağlansın. Doğrudur, “Bu Şəhərdə”nin “TikTok” səhifəsi var, çünki bu, zamanın tələbidir və biz normal kontentlərimizi orada paylaşırıq. Yoxsa ki, biz canlıya çıxıb şir dilənək, yox, elə bir məsələ ola bilməz.

“TikTok”dan sonra “YouTube” da bağlansa, əla olardı. Dünyada yüksək IQ-su olan insanlar “Facebook”dan istifadə edirlər. Azərbaycanda isə “Facebook” lider deyil, əksinə, lider “TikTok”dur. Bu göstəricilər təkcə ölkəmizdə deyil, bütün dünyada belədir. Çünki bayağılıq, tərbiyəsizlik və əxlaqsızlıq daim dəbdə olub və gəncləri çəkir. Böyük kütlə daha çox buna meyllidir. Baxım, sonra qınayım, söyüm. O qınayanlar da həmin kontentlərə gizli baxan şəxslərdir. Onsuz da Azərbaycanda hörmətli, şəxsiyyətli olan insanların sosial şəbəkələrdə izləyicisi daha azdır, nəinki bayağı kontentlər göstərənlərin. İnşallah, sosial şəbəkələr bağlanar və hər şeyin keyfiyyət qalxar. Əxlaqsızlıq, boşanmalar, tərbiyəsizlik və bu kimi amillər azalar”.

Tacxeber.com

Oxşar xəbərlər