• 24 Noyabr 2024 03:05

“Adətən intihar edəcək şəxslər çox tez-tez bu sözləri təkrarlayırlar” – Psixoloqdan xəbərdarlıq!

 

 

Ofelya Məmmədova: “İntiharların qarşısını almaq üçün onu doğuran səbəbləri aradan qaldırmalıyıq”

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bir neçə gün öncə keçirilən  kollegiya iclasında intiharlarla bağlı statistika təqdim edib. Baş Prokurorun sözlərindən məlub olub ki, ötən il ölkəmizdə 620 intihar hadisəsi baş verib.

Maraqlıdır, intiharların bu qədər kütləviləşməsinə səbəb nədir? Bu intiharların qarşısını almaq mümkündürmü? Bir şəxsin intihar edəcəyini öncədən müəyyən etmək olarmı?

Moderator.az-a açıqlama verən Soul Psixologiya və Nitq inkişaf mərkəzinin rəhbəri, tanınmış psixoloq Ofelya Məmmədova mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Hazırda intihar, çox mürəkkəb aktual bir problem olaraq ölkəmizi narahat edir.

İnsanlar hansı səbəblərdən intihar edə bilər?

İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir. Səbəblərə psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar. Yəni səbəb hər bir insanın yaşayış şəraitinə görə fərqlidir.

Bir çox hallarda intiharın əsas səbəbinin depressiya olsa da, depressiyadan əlavə ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə, bipolyar affektiv pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu, şizofreniya kimi hallar da  intihara meyillilik yaradır.

Çox təssüf olsun ki, bu günün yeniyetmə və gənclərin maraq dairələrinin xoşagəlməz  məlumatlarla yüklənməsi onların həyatını doğru istiqamətə yönəltmir.Yanlış informasiya onların həyat şəraitinə və reallıqları ilə üst-üstə düşməsində ziddiyət olur. Bu da yeniyetmənin  daxilində mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı bir fəaliyyətə, aktivliyə marağı söndürür. Belə hallar da sonda intihara yol aça bilir.

Valideynlər uşaqlarının xarakter xüsusiyyətlərini nəzərə alaraq hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən edərək onları doğru və bacara biləcəyi fəaliyyətə  yönəltməlidir. Çünki onların özlərini ifadə və təsdiq edə biləcəkləri məşğuliyyətlərə cəlb olunması müsbət nəticələr verir.

İnsanın intihar edəcəyini öncədən necə bilmək olar?

Əgər kimsə tez tez “həyat mənasız, boşdur”, “çox acizəm”, “heç nə mənim vecimə deyil”, “ölsəm   qurtularam”, “hər kəsdən uzaq olmaq istəyirəm” kimi fikirlər səsləndirirsə, bu ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Unutmayın ki, heç kim bir gündə intihar həddinə çatmaz. İntihara cəhd yolunu açan səbəblər vardır.

Ailə məişət səbəbindən bu gün qadınlar daha çox adət-ənənəyə xas olaraq ailədəki bütün çətinliyə, əzab-əziyyətə dözməyə çalışır. İşgəncəyə məruz qalan qadın valideynlərinin boşanmağa qarşı çıxdıqları üçün çıxış yollarını intiharda tapırlar.

Bu hallarda ətraf daha diqqətli olmalıdır. Həssaslıqla bu vəziyyəti incəliyib lazımı gələrsə bir mütəxəssis dəstəyi almağa yönəltməlidir ki, sağlam düşüncə formalaşdırılsın.

Unutmayın, intihar etmədən öncə intihara yönəldən səbəbi öldürmək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər