Almaniyanın iki sabiq deputatı Azərbaycandan rüşvət almaqda ittiham edilir
Almaniya Xristian Demokrat İttifaqının siyasətçiləri Azərbaycan hökumətindən külli miqdarda rüşvət almaqda ittiham olunur
Münhen Prokurorluğu Bundestaqın Almaniya Xristian Demokrat İttifaqından olan sabiq deputatı Aksel Fişeri Azərbaycandan 26 min avrodan çox pul almaqda və seçilmiş məmurlara rüşvət verməkdə ittiham edir. Onun Avropa Şurasında Azərbaycan hökumətinin “təlimatlarına əsasən” səs verdiyi deyilir.
“Spiegel” xəbər verir ki, bu, bir neçə il əvvəl Avropa Şurasında qalmaqala səbəb olan “Azərbaycan işi” ilə əlaqədar Almaniyada açılan ilk cinayət işidir. Fişerdən başqa ittifaqın keçmiş üzvü Eduard Lintner də korrupsiyada ittiham edilir.
Münhen Baş Prokurorluğu bazar ertəsi bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan nümayəndə heyəti dəfələrlə “Avropa Şurası Parlament Assambleyasında səslərə təsir göstərməyə” cəhd edib.
“2011-ci ildə Aleks Fişer azərbaycanlı millət vəkili ilə “AŞPA-da gələcəkdə nağd ödəmələr qarşılığında xüsusilə müsbət çıxışlar, gizli sənədlərin əvvəldən ötürülməsi və səsvermə yolu ilə təlimatlara uyğun olaraq Azərbaycanın maraqlarına uyğun hərəkət edəcəyi barədə razılığa gəlib” – deyə baş prokuror Klaus Ruhland bildirib.
Karin Strenzə 150 min avro “rüşvət”
Fişer Azərbaycanı müdafiə edib və “yəqin ki, ən az bir dəfə AŞPA iclasında Azərbaycanın lehinə səs verib”. Bunun üçün deputat 2016-cı ildə “21 800 avro rüşvət” alıb. Onun daha əvvəl də Azərbaycandan 4500 avro aldığı deyilir.
Bundestaqın Almaniya Xristian Demokrat İttifaqından olan keçmiş deputatı Karin Strenzin Azərbaycandan təxminən 150 min avro rüşvət aldığı və 2015-2016-cı illərdə bu ölkənin lehinə səs verdiyi bildirilir. Ona barəsində də bu səbəblə araşdırma başladılıb, amma Strenz 2021-ci ildə vəfat etdiyi üçün istintaq yarımçıq qalıb. Münhen Prokurorluğu hazırda onun varisi kimi həyat yoldaşının rüşvət istintaqına cəlb edilməsini tələb edir.
Korrupsiyada ittiham olunan ittifaqın digər keçmiş üzvü Eduard Lintnerin parlamentdən getdikdən sonra Cənubi Qafqazda Azərbaycan üçün lobbiçilik etdiyi və Bakıdan parlament üzvlərinə pul ötürdüyü bildirilir. 2016-cı ilə qədər o, “19 xarici offşor şirkətdən milyonlarla pul” alıb. Münhen Prokurorluğunun məlumatına görə, Lintner Xristian Demokrat İttifaqının siyasətçisi Karin Strenzi də bu işə daxil edib. Bildirilir ki, Strenzin aldığı pullar Lintnerin şirkətlərindən biri vasitəsilə əldə edilib.
O zaman Lintner Azərbaycan üçün pullu lobbiçilik etdiyini inkar etməyib və Azərbaycanın dövlət orqanlarından onun şirkətlərinə pul axınının olduğunu təsdiqləyib.
Daha iki nəfər də əlbir olmaqda ittiham edilir.
Fişere qarşı 2020-ci ilin noyabrında başladılan istintaq üç ildən çoxdur davam edir. 2021-ci ilin martında Münhen Prokurorluğunun tələbi ilə Bundestaq ittifaqın deputatının toxunulmazlığını ləğv edib. Həmin gün Fişerin mənzillərində və ofislərində axtarış aparılıb. Fişer parlamentdə iyirmi ildən çox işlədikdən sonra 2021-ci il federal seçkilərində namizədliyini irəli sürməyib.
Baş prokuror Ruhland bildirib ki, istintaq təqsirləndirilən şəxslərin şübhəli hərəkətlərinə görə, çox ağır keçib və uzun müddət davam edib.
“İstintaq faylları 46 qovluq və 160 səhifəlik ittihamnamədən ibarətdir”.
Bundan başqa, müstəntiqlər Kipr, Lixtenşteyn, Belçika, Estoniya və Türkiyə də bir neçə ölkəyə hüquqi yardım üçün müraciətlər etməli olublar.
Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı münasibət almaq mümkün olmayıb. (AbzasMedia)