“NATO-nun fəaliyyətsizliyi Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinə səbəb olub…”
“Dünyada elə vəziyyət yaranıb ki, demokratiya geri çəkilir, avtokratiya isə öz istəyinə nail olur…”
NATO “iki stulda əyləşməyə” cəhd edib, bu da Putinə Ukraynaya hücum etmək üçün “yaşıl işıq” yandırıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq baş naziri Boris Conson BBC-nin “Putin Qərbə qarşı” miniserialında bəyan edib. Məlumatı “zn.ua” nəşri yayıb.
Conson qeyd edib ki, NATO Ukrayna qarşısında çox günahkardır, çünki Alyansın fəaliyyətsizliyi ucbatından Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi mümkün olub.
“NATO-da dərin institusional günah hissi mövcuddur. Əgər Alyans vəd etdiklərini icra etsəydi, ukraynalılar həqiqətən Alyansın tamhüquqlu üzvlüyünə aparan yolda olsaydı, böyük ehtimalla, Rusiya prezidenti Vladimir Putin etdiklərini edə bilməyəcəkdi”, – Conson qeyd edib.
Onun sözlərinə görə, NATO neytral mövqe sərgiləməyə cəhd edib, bu da nəticə etibarilə fəlakətli nəticələrə gətirib çıxarıb.
“Uzun müddət bizim kollektiv birmənalı mövqeyimiz, eyni zamanda, hər zaman iki stulda oturmağa cəhdlərimiz iflasa uğrayıb və Putin qərar verib: “Aha, onlar ciddi deyil”, – Conson vurğulayıb.
Onun sözlərinə görə, hazırda dünyada elə vəziyyət yaranıb ki, demokratiya geri çəkilir, avtokratiya isə öz istəyinə nail olur.
“Ukraynada müharibə bunun sona yetdiyini göstərib və Qərb ölkələri Rusiyaya qətiyyətli cavab verəcək”, – sabiq baş nazir vurğulayıb.
Boris Conson bu günlər həm də bəyan edib ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp Avropanın öz müdafiəsinə daha çox vəsait xərcləməsini tələb edəcək.
O, qeyd edib ki, avropalılardan müdafiəyə daha çox vəsait xərcləməyi tələb etmək ABŞ və Böyük Britaniyanın çoxdankı siyasətidir.
Rusiyanın hazırda diqqətinin Ukraynada müharibəyə cəmləşməsinə rəğmən, Qərb ölkələri Moskvanın Avropanın digər ölkələrinin təhlükəsizliyinə qəsd edə biləcəyindən narahatdır. Bu barədə “The Times” nəşri yazıb.
Ukrayna və NATO
Alyans dəfələrlə bəyan edib ki, Ukraynanın üzvlüyü üçün qapılar artıq açıqdır, lakin o, müharibə zamanı NATO-nun üzvü ola bilməz.
İyul ayında Vilnüsdə sammit zamanı Ukrayna üçün üzvlüklə bağlı Fəaliyyət Planı tələbi götürülüb. Bu zaman deyilib ki, dəvət üçün NATO-nun bütün üzvlərinin razılığı və bir sıra şərtlərin icra edilməsi zəruridir.
Bundan öncə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, müəyyən mərhələdə Ukrayna Şimali Atlantika Alyansına dəvət edilməlidir.