• 23 Noyabr 2024 06:53

“Kərə yağı” adı ilə yediyimiz neft – İstehlakçı belə aldadılır…

2023-cü il ərzində Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı idxal edilib.

 

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu göstərici 2022-ci illə müqayisədə dəyər baxımından 14.6% və ya 15.7 milyon dollar, həcm baxımından isə 10.6% və ya 1 966 ton azalıb.

 

Belə ki, 2022-ci il ərzində Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Ötən il ölkəyə gətirilən kərə yağının bir kiloqramının orta idxal qiyməti 9.5 manat təşkil edib. Bu göstərici əvvəlki ildə 9.9 manat idi. Azərbaycan kərə yağını ötən il Yeni Zelandiyadan 10.5 manata, Almaniyadan 11 manata, Finlandiyadan 11.6 manata, İrandan isə 7.3 manata idxal edib.

 

Hesabat görə 2023-cü il ərzində ölkədə 27 min 22 ton kərə yağı istehsal edilib. Bu göstərici əvvəlki illə müqayisədə 4.4% çoxdur.

 

Hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 62.8 % çox olub. Bildirək ki, bu gün ölkədə müxtəlif adlar altında satışd olan yağlar var ki, qiymətləri də kifayət qədər yüksəkdir.

 

Məsələn, “Yeni Zelandiya” yağının idxal qiyməti 9,5 manata başa gəlsə də, satışda həmin yağın qiyməti 17-20 manat arasında dəyişir. Əsas problemlərdən biri də kərə yağı adı altında satılan bu yağların tərkibinin heç də təmiz olmamasıdır.

 

Bu gün vitrin və ya rəflərdə olan kərə yağlarının tərkibi ilə qiyməti nə dərəcədə uyğundur?

 

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirdi ki, BMT-nin FAO təşkilatının yaydığı məlumata görə, dünyada 3 ildir bütün ərzaq növləri ucuzlaşır:

“Ancaq Azərbaycanda əksinə, son 3 ildə ərzaq qiymətlərinin yalnız sürətlə bahalaşdığını görürük. Ölkədə yalnız iki dəfə 5 qəpik olmaqla, cəmi 10 qəpik “Zavod çörəyi” adı ilə tanınan çörəy ucuzlaşıb. Bu isə yalnız bir çörək növünə şamil olunub ki, digər çörək növləri ucuzlaşmayıb. Azərbaycanda hər sahəni bir nəfər idarə edir və kərə yağını da bir qrup sahibkar gətirir.

 

Kərə yağları, məsələn, “Yeni Zelandiya” yağı Azərbaycanda idxaldan sonra qablaşdırılır. Zelandiya qablaşdırması ilə ölkədə yağ satılmır. Azərbaycandakı 200-250- 500 qramlıq qablaşdırmalar var ki, araşdırma aparılsa məlum olar ki, Zelandiyada belə bir qablaşıdırma yoxdur.

 

Həmin qablaşdırmadan öncə də “Yeni Zelandiya” və digər yağlara palma yağı vurulduğu barədə məlumatlar var. Yəni yağ kütləsini bir qədər yumşaldır, əlavə olaraq palma yağı qataraq qarışdırır, yenidən soyudub qablaşdırırlar.

 

Bu gün “Yeni Zelandiya” yağının idxal qiyməti 9,5 manat göstərilirsə də, onun qiyməti palma yağı vasitəsilə bir neçə dəfə ucuzlaşdırılır. Yalnız bundan sonra iki dəfə baha qiymətə satışa çıxarılır. Bunun yeganə səbəbi inhisarçılıqdır.

 

Azərbaycana müxtəlif istiqamətlərdən yağ gəlmir. Bütün vitrin və ya rəflərdə Rusiya və “Yeni Zelandiya” yağlarıdır ki, nadir hallarda başqa ölkələrin yağları da görünür. Ancaq bilmək olmur ki, onlar da doğurdan xaricdən idxal olunur, yoxsa ölkədə istehsal edilir. İnhisarçılar bu sahədə birlikdə hərəkət edirlər. Onlar bir-biri ilə rəqabət aparmaq yox, razılaşmağa üstünlük verirlər ki, nəticədə də böyük məbləğdə pul qazanırlar”.

 

Ekspertin sözlərinə görə, Azərbaycanda 5-10-20 manata da kərə yağı var:

 

“Bu kərə yağlarının tərkibi eynidirsə, niyə müxtəlif qiymətlərə satılır? Azərbaycanda belə bir tendensiya var ki, yağlara dad və rəng vurmaqla kərə yağı görüntüsü yaradılır. Məsələn, “Möcüzə” yağı var ki, tamamilə marqarindir, ancaq onun dadına baxanda görürsən ki, kərə yağıdır. Halbuki bitki yağıdır, guya qarğıdalıdan hazırlanıb, əslində marqarindir, heç bir orqanik xüsusiyyətə malik deyil, texniki vasitələrlə neft məhsullardan alınır, ancaq kərə yağı dadı verir.

 

Bu gün Azərbaycanın qida sənayesi o qədər spekulyasiya ilə qarışıb ki, kimin nə istehsal etdiyi bəlli deyil. Ölkə daxilində yağa olan tələbatın 30-40 faizi ödənilir ki, onun da hamısı daxildə istehsal olunmur.

 

Məsələn, palma yağı, zeytun yağları, bitki yağlarının 99 faizi Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir. Çünki Azərbaycanda istehsal etmək üçün xammal yoxdur. Azərbaycanda yağ bazarı çox müəmmalı, qarışıq bir bazardır. Bugünlərdə “Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) bir araşdırması ilə qarşılaşdım.

 

Orada tərkibində palma yağı olan heç bir yağın üzərinə yazılmır, ancaq analiz zamanı bəlli olur. İdxal olunan yağlarda belə palma yağı var və rus dilində yazılan məlumatlarda bu qeyd edilsə də, Azərbaycan dilinə tərcümə də onu qeyd etmirlər, gizlədirlər.

 

Beləliklə, istehlakçı hüquqları pozulur və bu gün bilinmir Azərbaycan vətəndaşı kərə yağı adına nə yeyir”.

 

Nigar Abdullayeva

http://Tacxeber.com

Oxşar xəbərlər