• 22 Noyabr 2024 08:34

İrəvanı Osmanlı dövləti verib? – Sensasion detallar

Tacxeber.com Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin Globalinfo.az-a müsahibəsini təqdim edir:

 

– Politoloq Şahin Cəfərli deyib ki, İrəvan şəhərinin ermənilərə verilməsini Cümhuriyyət rəhbərlərindən Osmanlı hökuməti istəyib. Bu məsələ illərdir müzakirə edilir. Sizcə, belə bir istək olubmu?

 

– Tarixşünaslıqda sənəd qədər sənədin doğru təhlil edilməsi məsələsi var. Bizə dərslərdə öyrədilirdi ki, “sənəd fetişisti” olmayın. Sənədlər dövrün ən önəmli gerçəkliklərindən biridir, amma unutmayaq ki, sadəcə biridir. Sənəd hər şey demək deyil. Məsələn, ruslar 27 apreldə Bakını işğal edəndə parlamentin təhvili ilə bağlı önəmli maddələrin olduğu sənəd imzalamışdılar. O sənədi əldə rəhbər tutub deyənlər var ki, anlaşma olub, hökumət təhvil verilib, hər hansı işğaldan söz gedə bilməz. Çünki bəzilərinə görə, faktiki təhvil sənədi var, ölkədə adi bir hökumət çevrilişi olub, Müsavat firqəsi gedib, yerinə Kommunist firqəsi gəlib. Həmçinin İrəvan məsələsində müxtəlif sənədlər var, çap olunub, kifayət qədər də fikir bildirilib. Ona görə də hər kəsin bildiyi məsələləri təkrarlamağa gərək yoxdur.

Məsələn, Rəsulzadə və digərlərinin Osmanlıya bir məktubu var, orada erməni kantonunun yaradılmasından bəhs edilir. Rəsulzadəgil bu məntiqlə onu yazmışdılar ki, Anadoludan gəlib İrəvana, Zəngəzura, Qarabağa, Gəncəyə doluşan erməni dəstələri ilə Bakıdakı Şaumyan dəstələri birləşsə, növbəti Mart qırğını olacaq, bu dəfə isə Bakı və çevrəsində müsəlman qalmayacaqdı. Ona görə də Nuru paşa Gəncəyə gələn kimi hökumətinə raport yazmışdı ki, Gəncə və Qarabağ tərəfdə yaşayan ermənilər bolşevik hərəkatında iştirak edərlərsə, vəziyyətimizin çox vahiməli olacağı və yüz minlərlə müsəlmanın qanının töküləcəyi mütləqdir. Yəni ortada faktiki güclü erməni dəstələri vardı və bunlar Şaumyanın tərəfinə keçsəydilər, Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Amma gerçəklik bir kənara qoyulur, məktub var deyə Rəsulzadəgil İrəvanı vermiş sayılır. Baxın, məktubdan öncə reallıqlar var. Məktubla məsələ həll olunsaydı, Ənvər paşaya məktub yazıb elə bütün Qafqazı Azərbaycan üçün istəyərdilər.

 

– Belə çıxır ki, Azərbaycan dövlət xadimləri Ermənistan dövlətinin yaradılmasında maraqlı olublar?

 

– Bu məsələ belə təqdim olunur ki, Osmanlı istəmirdi, amma Azərbaycan istədi deyə Ermənistan yaradıldı. Bir anlıq 28 mayda qurulan Azərbaycanın halına baxaq. Öz paytaxtı işğalda, Qazaxdan Gəncəyə qədər olan yerlər istisna olmaqla ölkə ərazisi faktiki nəzarət altında deyil. Ordusu yox, nazirlər kabineti simvolikdir, hər şey kağız üzərindədir. Belə bir mühitdə 600 illik Osmanlı dövləti bir neçə ziyalıdan ibarət Azərbaycan hökumətindən çəkinirdi? Yəni onu demək istəyirəm ki, İrəvan məsələsində Osmanlı paşaları arasındakı ziddiyyətlər, Azərbaycan rəsmilərinin düşüncələri, təklifləri və sairədən daha öncə bölgədəki reallıq daha önəmli idi. Reallıq o idi ki, ermənilər Türkmənçaydan ötən müddətdə İrəvanda faktiki güc sahibi idilər, şəhər, təəssüf ki, bizim əlimizdən çıxmışdı, qırğınlar nəticəsində türk əhali azalmışdı, Anadoludan gələn dəstələr hər yerdə at oynadırdı, biz isə Osmanlıya möhtac halda müzakirələr aparırdıq. Şübhəsiz ki, Ənvər paşa ilə Tələt paşa böyük hərbi dühaya sahib olduqları üçün Ermənistan məsələsini yerindəcə həll etmək istəyirdilər. Amma edilmədi, faktiki Ermənistan dövləti yaradıldı. Yəni bu dövlətin yaradılmasında, İrəvanın verilməsində Osmanlı və Azərbaycan rəhbərliyi günahkar hesab edilə bilər və ya onlar güzəştə getdilər deyə qınanıla bilərlər.

 

Bununla bağlı sənədlər, əlbəttə ki, var. Amma əsas amili unutmayaq ki, Çar Rusiyasının dağılması prosesində digər xalqlar kimi ermənilər də mübarizə aparırdılar, Seymdə var idilər, silahlı dəstələri mövcud idi, hətta Sərdarabad döyüşündə Osmanlının irəliləməsinin qarşısını almışdılar. Bu dövrə münasibətdə bilərəkdən və ya bilməyərəkdən faktiki bir məsələni unuduruq. Ermənilərin gücünü. O ermənilər ki, qısa zaman sonra Qarabağdakıları da üsyana təşviq etdilər. Yəni məsələnin sadəcə Osmanlı və Azərbaycan tərəfi yoxdur.

 

Öz paytaxtını hələ azad etməmiş Azərbaycanın başqasına paytaxt güzəşt etməsi reallığın təsdiqindən başqa bir şey deyil. Necə ki Ənvər və Tələt paşalara rəğmən də Ermənistan quruldusa, bunun niyə və necə baş verdiyini düşünməməliyikmi? Məsələn, Birinci Qarabağ savaşında Türkiyə yanımızda ola bilmədi, Rusiya, ABŞ Ermənistanı dəstəklədi. Amma unutmayaq ki, torpaqlarımızı işğal edən Ermənistan idi. Azərbaycan o dövrdə beynəlxalq dəstəkdən məhrum idi, siyasi təlatümlər vardı, ordu quruculuğu tamamlanmamışdı və sairə.

 

2020-2023-cü illərdə də eyni dövlətlər vardı. Amma bu dəfə həm Azərbaycan beynəlxalq aləmdə güclü idi, həm Türkiyənin dəstəyi vardı. Ən önəmlisi isə o idi ki, Azərbaycan hərbi baxımdan düşməndən qat-qat üstün idi. Ona görə də kimsə deyə bilməz ki, Qarabağı Türkiyə, Rusiya və sairə alıb bizə verdi. Baxmayaraq ki, belə düşünənlər də var. Halbuki Qarabağı Azərbaycan ordusu öz əsgər və zabitlərinin qanıbahasına aldı.

 

 

– Bəzi tarixçilər iddia edirlər ki, Cümhuriyyət hökuməti İrəvanı güzəştə getməsəydi, daşnak hücumları dayanmayacaqdı. Ermənilər həm Osmanlı ərazisində, həm də Qafqazda kəndlərə şəhərlərə basqın edir, soyqırımlar törədirdi. Sizcə, Osmanlı ermənilərə dövlət yaradaraq daxildəki separatizmi dayandırmaq istəyirdi?

 

– Ümumi dövrün hadisələrini analiz etdiyimizdə, mənim gəldiyim qənaət odur ki, Azərbaycan türkləri və gürcülər kimi, təəssüf ki, ermənilər də faktiki bir güc sahibi idilər. Təsadüfi deyil ki, respublikaların elanından sonra Ermənistan Qarabağ iddialarını davam etdirdi, Gürcüstanla da müharibəyə başladılar. Biz isə bu faktın, yəni ermənilərin gücünü inkar edib hər şeyi diplomatik masaya gətiririk və təmsilçilərin iradəsinə bağlamaq istəyirik.

 

Ermənistanın Osmanlıdan mərkəz tələbləri var idi. Osmanlı, şübhəsiz ki, Gümrünü vermək istəməyəcəkdi. Nəticədə Osmanlı və Azərbaycan bölgədə erməni dövlətinin qurulması marağında ola bilərdi. Bu baxımdan Batum anlaşmasında ermənilərin Qarabağdan vaz keçmələri istənildi. Amma bu o demək deyil ki, bu dövləti biz və ya Osmanlı qurub. Ermənistan dövlətini faktiki olaraq ermənilər özləri tarixi Azərbaycan torpaqlarında qurublar. Təəssüf ki, biz də dövrün şərtləri qarşısında bu prosesin qarşısını ala bilməmişik, mövcud durumla hesablaşmışıq, öz marağımıza uzlaşdırmışıq. Necə ki Borçalı uğrunda da mübarizə apardıq, alınmadı.

 

Bizim liderlər realist idilər, çarlığın dağılmasından sonra Azərbaycan lehinə mümkün ola bilən nə varsa ediblər. Digər proseslərin qarşısını ala bilməyiblərsə, demək ki, gücləri yetməyib. Bu, ona bənzəyir ki, bəzən də, iddia edirdilər ki, Osmanlı paşaları Cümhuriyyəti devirib. Şübhəsiz ki, bolşeviklərlə əməkdaşlıq edən paşalar vardı, Mustafa Kamal paşanın Müsavat hökumətinə münasibəti yaxşı deyildi. Amma Cümhuriyyətin işğal edilməsi bununla bağlı deyil, faktiki Rusiyanın işğalı ilə bağlıdır. Ana mövzunu kənara qoyub, ətrafındakıları qabartmaq doğru nəticə əldə etməyimizə mane ola bilər.

 

– Nuru paşa və Qafqaz İslam Ordusunun Qafqaza gəliş məqsədi nə idi: Cümhuriyyətin müstəqilliyini qorumaq, yoxsa Azərbaycanı işğal edib Bakı neftinə sahib olmaq?

 

– Qafqaz İslam Ordusunu Azərbaycana Müsavat hökuməti çağırıb. Rəsulzadə özü də parlamentdə bunu ifadə edib. Batum anlaşması prosesində ordu yola düşüb, 4 iyunda isə müqavilə imzalanıb. Nəticədə Bakı azad olunub. Əlbəttə ki, istər Osmanlı sarayında, istər Azərbaycan ictimaiyyətində Azərbaycanın Osmanlıya birləşdirilməsini istəyənlər vardı. İyun böhranı da buna görə çıxmışdı. Amma məqsəd işğal idisə, işğal edilərdi.

 

Qafqaz İslam Ordusu 23 maydan etibarən Azərbaycana girib noyabr ayında da çıxmağa başlayıb. Bu müddətdə bölgəni özlərinə birləşdirsəydilər, əhali üsyanmı edəcəkdi? Əsla. Demək ki, belə bir plan müzakirələrdə olubsa da, praktikada olmayıb. Necə ki ingilislər də bunu etmədilər və ya edə bilmədilər.

 

Osmanlı ordusu Azərbaycanı ingilis, rus, erməni işğalından azad etməyə gəlmişdi, etdilər də. Azərbaycan dövləti buna görə də hər zaman Ənvər paşaya və Osmanlı sultanına minnətdar olmalıdırlar. Yoxsa Şaumyan Gəncəni də ələ keçirib Azərbaycan idealını sonlandıracaqdı. Necə ki özü açıq şəkildə demişdi ki, sizə xarabazar verəcəyik.

 

– Osmanlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına imkan verməsəydi, bu əraziləri əlində saxlaya bilərdi ?

 

 

– Bildiyiniz kimi, Osmanlı dövləti müharibədə məğlub oldu, Mudros müqaviləsi nəticəsində öz qoşunlarını Qafqazdan çıxarmaq məcburiyyətində qaldı. Əgər Azərbaycan Mudrosda Osmanlı bölgəsi şəklində olsaydı, kim bilir, indi bölgəmiz neçə hissə idi, kimlərə güzəştə verilmişdi. Bu gün müstəqil Azərbaycan dövləti varsa, bu, Osmanlının bizi işğal etməməsinə görədir. Nəticədə Azərbaycan dünyada tanındı, ruslar işğal etdikdən sonra simvolik də olsa, varlığını qorudu. Əksi olsaydı, bəlkə də, bu gün Rusiyanın vilayəti idik.

 

– Osmanlının Cümhuriyyətə baxışı necə idi: dost ölkə, vassal, yoxsa gələcəkdə ilhaq edəcəyi ərazi?

 

– Tarixşünaslıqda biz olanlara qiymət veririk. Olanlar budur ki, Osmanlı bölgədə Azərbaycan adlı dövlətin varlığı ilə hesablaşdı. Azərbaycanda ordu quruculuğuna dəstək oldu. İstanbulda səfirliyimiz, nümayəndə heyətlərimiz fəaliyyət göstərdi. Azərbaycan Osmanlı vasitəsilə özünü dünyaya tanıtmaq istədi. Bu baxımdan Azərbaycanda Osmanlı təsirindən bəhs edə bilərik, amma hər hansı vassallıqdan, ilhaqdan söz gedə bilməz. Əgər Osmanlı məğlub olmasaydı, Azərbaycanın taleyi necə olacaqdı deyə düşünsək, əvvəla, bu, tarixşünaslığın sualı deyil, ikincisi, Tomson dövründə azadlığını qoruya bilən Azərbaycan rəhbərliyi yenə də müstəqilliyimizi müdafiə edəcəkdilər.

 

– Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Osmanlını Qafqaza dəvət edərkən nəyi hədəfləyirdi? Zəifləmiş Osmanlını Qafqaza çağırmağın səbəbi nə idi?

 

– Qafqaz Osmanlı üçün strateji yer idi. Tarixi bağlar var idi. Ona görə də müharibənin ən qızğın çağında hər iki Azərbaycanın köməyinə çatıb. Osmanlı qoşunlarının Cənubi Azərbaycandakı hərəkatları ayrıca mövzudur. Osmanlı cəbhələrdə yenilirdi, amma bu o demək deyildi ki, tamamilə çökmüşdü. Zatən, Bakı uğrunda ingilislərlə döyüşün qazanılması onu göstərdi ki, Osmanlıdan kömək istəmək doğru idi. Təbii ki, bizim liderlər başa düşürdü ki, Bakının Osmanlı tərəfindən alınması xaricdə Osmanlı hərəkatı kimi görünə bilər. Ona görə də Rəsulzadə İstanbuldan hökumətə yazırdı ki, Bakı Azərbaycan adına alınmalıdır, ilk Azərbaycan qoşunları girməlidir.

 

Qafqaz İslam Ordusu, Nuru paşa olmasaydı, Cənubi Qafqazın siyasi xəritəsi necə olardı? Alternativ tarix necə cərəyan edərdi?

 

– Əgər Qafqaz İslam Ordusu gəlməsəydi, Leninin direktivləri ilə Bakıya çökən Şaumyan qısa zamanda bütün Azərbaycanı işğal edəcəkdi. Qarabağ ermənilərin, Bakı quberniyası rusların olacaqdı. Yəqin ki, gürcülər də iddia etdikləri əraziləri alacaqdılar. Çünki 1918-ci ildə bölgəyə dizayn verən diplomatik təmaslar deyil, güc amili olub. Azərbaycan Osmanlıdan hərbi dəstək almasaydə, varlığını davam etdirə bilməyəcəkdi.

 

 

Tacxeber.com

Oxşar xəbərlər