• 22 Sentyabr 2024 12:53

Dəyəri 1 milyon dollardan çox olan startap Azərbaycanda qida tullantılarının qarşısını almağı hədəfləyib.

Azərbaycanda dövlət dəstəyi ilə fəaliyyət göstərən startap layihələrindən biri də “SnackPack” MMC-dir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro və kiçik sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsini almış layihənin dəyəri 1,2 milyon dollardır. Layihənin bu aydan icrası planlaşdırılır. İstifadəçilər mobil tətbiq vasitəsilə axşam saatlarında kafelərdə qalan satılmamış yeməkləri endirimli qiymətlərlə əldə edə biləcəklər.

 

Startapın iş prinsipi ilə bağlı məlumat verən layihə rəhbəri Ramil Tağıyev bildirib ki, yaradılan mobil tətbiq vasitəsilə bu konsepsiya rəqəmsallaşdırılıb.

“Hələlik tərəfdaşlarımız yalnız kafelərdən ibarətdir. Gələcəkdə market şəbəkələri və hotellərlə əməkdaşlıq etməyi planlaşdırırıq. Əvvəllər kitab tövsiyələri və səhiyyə kimi müxtəlif sahələrdə bir neçə başqa layihələrimiz var idi. Həmişə insanların daha sağlam və mütərəqqi olmasını istəmişik. Sonra araşdırmalara başladıq və qida tullantılarının statistikasına rast gəldik. Xeyli sayda təzə yeməklərin atılmasını gördük və yerli “axsam bazarı” anlayışından istifadə edib bu ciddi problemin həlli üçün mobil tətbiq yaratmağa qərar verdik. Sonra mobil proqram, veb-sayt və instaqramda səhifəmizi aktivləşdirərək işə başladıq və indi işimizi qurmaq üzrəyik”, – deyə Ramil Tağıyev vurğulayıb.

 

Layihənin hazırda dörd tərəfdaşı olduğunu deyən R.Tağıyev hələ ki, fəaliyyətə başlamadıqlarını, sözügedən startapın ilk növbədə Bakıda tətbiq olunacağını, daha sonra isə ölkəmizin digər şəhərlərində də tərəfdaşlarla əməkdaşlıq edəcəyini qeyd edib: “Biz “A-hub akselerasiyası proqramı”nda ikinci yer tutduq, bununla da yerli mərhələdən keçdik və Şuşa şəhərində keçiriləcək möhtəşəm finala vəsiqə qazandıq. Finalın bu il keçirilməsi planlaşdırılır və hər ölkədən 3 startap olmaqla 20 ölkə iştirak edəcək. Həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, KOBİA və “PASHA Holding”ə yaratdıqları sahibkarlıq mühitinə görə təşəkkür edirik”.  (Azərtac)

 

Tacxeber.com

Oxşar xəbərlər