• 24 Noyabr 2024 18:03

“AQTA kiçik dükanlara, mağazalara gəlib onları incidir” — Deputat

“Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyinə müraciət edib. Həmin müraciətə əsasən, “Ekoloji təmiz məhsullar haqqında” qanunun ləğvi istənilib. Eyni zamanda “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik olunması tələb edilib. Bu da açıqdan-açığa geni dəyişdirilmiş məhsulların Azərbaycana idxalına və istehsalına səbəb ola, çox ciddi təhlükə törədə bilər. Təbii ki, bərk qida məhsulları ilə yanaşı, quru qida məhsulları arasında da belə hallar çoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

O, içkilərlə bağlı da narahatlığını ifadə edib: “”Coca-Cola”, “Fantan”ın hormonlara necə təsir etdiyini deyə bilmərəm, bu, müəyyən qədər mütəxəssis rəyi tələb edir.

Ancaq hər bir halda bilirəm ki, bu kimi içkilərdə şəkərin miqdarı həddindən artıq çoxdur. Həm də susuzluq, yenidən içmək meyli, bir növ asılılıq yaradır.  İnsanlarda ciddi diabet, şəkər xəstəliklərinə səbəb olur. Genetik kodu dəyişir. Amin turşuları ilə reaksiyaya girərək onları sıradan çıxarır. İnsan bədənində çox ciddi narahatlıq yaradır. Milli Məclisin plenar iclasında da dedim. İnsanlar ola bilər daha uzun ömür yaşayırlar, amma əvvəl az yaşasalar da, sağlam yaşayırdılar. İndi isə uşaq yaşdan böyüyənə kimi əvvəlkindən daha uzun ömrü xəstə başa vururlar.

Qida məsələsi çox önəmlidir. “MC Donalds” tipli restoranlarda satılan qidalar da ziyanlıdır. Bildiyimə görə, Rusiyada 7 qazlı içki və adını çəkdiyimiz digər məhsullar qadağan olunan məhsulların siyahısına daxil olub. Bir sıra dövlətlərdə də bu qadağa var. Təbii ki, bununla bağlı qanunvericilikdə əks göstərişlər, düzəlişlər etmək lazımdır. Buna görə də İqtisadiyyat Nazirliyinə müraciət etdim ki, belə qanunun hazırlanmasına yol vermək olmaz. Çünki insanların sağlamlığına çox mənfi təsir edir. Hesab edirəm, ciddi məsələdir. Bəzən insanlar buna laqeyd yanaşırlar. Özləri də deyirlər ki, “işiniz, sənətiniz yoxdur, nə işlə məşğulsunuz…” Məsələ budur ki, biz bilirik, Azərbaycanda yaşayırıq.

Kənd Təsərrüfatı Nazirliyi, yaxud AQTA kiçik dükanlara, mağazalara gəlib onları incidirlər, nə var, orada təmiz məhsullar satırlar. Amma böyük mağazalara müəyyən səbəblərə görə toxunmurlar, onlar da istədiklərini sata bilirlər. İnhisarçılıq hər yerdə var və buna qarşı ciddi mübarizə aparmaq lazımdır. Biz də gücümüz çatan qədər mübarizə aparırıq. Amma xalqımızın köməyi olmadan bunu edə bilmirik.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun fəaliyyətindən çox razıyam. Görürəm, o, bu sahədə nə qədər fədakarlıq edir. Ət, kolbasa, içkilər, “fast food” məsələsi ilə bağlı ciddi narazılığını bildirir. Amma hiss edirəm ki, Eyyub müəllimin özünə də müəyyən təzyiqlər var. İstəyirlər ki, tənqidi çıxışlar etməsin. Amma bu, ümumi dərddir, təbii ki, buna qarşı mübarizə aparacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər