Müxalifət prezident seçkisinin nəticəsini tanımayacaq.
Saat 23:00-dan sonra seçkinin ilkin nəticələri elan olunub. MSK sədri Mərzahir Pənahov brifinqdə bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkisində liderlik edir.
İlkin nəticələrə görə:
Zahid Oruc 2,2 faiz
Razi Nurullayev 0,79 faiz
Fazil Mustafa 1,99 faiz
Elşad Musayev 0,66 faiz
Qüdrət Həsənquliyev 1,78 faiz
Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.
Respublika üzrə seçicilərin 76,73 faizi prezident seçkisində iştirak edib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov belə deyib.
Rəsmi məlumata görə, respublika üzrə 4 971 032 nəfər prezident seçkisində səs verib.
Rəsmi rəqəmlər açıqlanmamış həm türkdilli, həm də MDB dövlətlərinin rəhbərləri İlham Əliyevi qələbə münasibətilə təbrik ediblər.
Müxalifət isə prezident seçkisinin ədalətsiz keçirildiyini bəyan edib və elan olunacaq nəticələri tanımayacağını elan edib.
Müsavat Partiyası seçkinin rəqabətsiz, hüquq və azadlıqların tam məhdudlaşdırıldığı, qorxu və təhdid, inzibati terror mühitində keçirildiyini bildirib və seçkinin nəticələrinin ləğv edilməsini tələb edib.
“7 fevral tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri hər hansı siyasi zərurət olmadan qərarlaşdırılıb. Bu barədə Azərbaycan prezidenti adından verilən 7 dekabr 2023-cü il tarixli sərəncamın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun hər hansı hüquqi əsasları yoxdur. Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və ya səbəb göstərilməyib. Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib”, – deyə partiyanın bəyanatında qeyd edilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkinin xalqın iradəsini əks etdirmədiyini, nəticələrin isə legitim hesab etmədiyini açıqlayıb. “İlham Əliyevə rəqib təyin olunan “namizədlər” isə özlərini daha çox İlham Əliyevin vəkili kimi aparıblar. Seçki debatları adı altında keçirilən şoularda həmin “namizədlər” əsasən İlham Əliyevi tərifləmək uğrunda yarışıblar”, – deyə partiyanın bəyanatında deyilir.
AXCP onu da vurğulayıb ki, MSK-nın elan etdiyi rəqəmlər əvvəlcədən Prezident Administrasiyasında müəyyən olunur: “Dövlət büdcə təşkilatlarında, hətta özəl sektorda işləyən şəxslərə seçkidə iştirak etməklə bağlı bu dəfə daha çox təzyiq edilib: “Seçkidə iştirak etməyən şəxslər işdən çıxarılmaqla açıq təhdid edilib. Süni seçici fəallığı görüntüləri üçün əvvəlki seçkilərdə də istifadə etdikəri “karusel” əməliyyatını daha da gücləndiriblər. Sosial şəbəkələrdə karuselə cəlb olunan qrupların səs verəcəkləri məntəqələr və səsvermə vaxtını ifadə edən çoxsaylı qrafiklər yayılıb”.
Qeyd edək ki, AXCP və Milli Şura, eləcə də Müsavat Partiyası həqiqi seçkilər üçün ölkədə heç bir şəraitin olmadığını əsas gətirərək, seçkini boykot etmişdi. (AbzasMedia)