Nərgiz Absalamovanın vəkili ilə telefon danışığına qoyulan qadağa götürülməyib
Məhkəmə jurnalistin öz məhkəməsində iştirak haqqını tanımır
Fevralın 9-da “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın vəkilinə zənglə bağlı qoyulmuş qadağadan verilmiş şikayətə baxılıb.
Abzas Media-nın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə jurnalistin qadağanın götürülməsilə bağlı tələbi rədd edilib.
Vəkil Şəhla Hümbətovanın məlumatına görə, cinayət işini aparan istintaq orqanı jurnalistin ailəsilə görüşünü və danışığını qadağan etsə də, vəkillə danışıq qadağasını Penitensiar Xidmət qanunsuz olaraq qoyub.
Fevralın 6-da keçirilən prosesdə Nərgiz Absalamovanın iştirakı təmin olunmadığından işin baxılması fevralın 9-na təxirə salınmışdı. Ancaq fevralın 9-da keçirilən prosesdə də jurnalistin iştirakı təmin olunmayıb. Məhkəmə işə N.Absalamova olmadan baxıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə birqayda bu iş üzrə qanunsuz qadağalarla bağlı sualları cavablandırmır. Xidmət Nərgiz Absalamova ilə bağlı sualımızı da cavablandırmayıb.
“Abzas Media” işi
Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edirlər və həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar. (AbzasMedia)