• 24 Noyabr 2024 15:15

“Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər” – Qurban Qurbanov

“Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər” - Qurban Qurbanov

“Həm bu, həm də bundan əvvəlki oyun yaxşı alındı. Hər iki komanda üçün faydalı oyun oldu. Qarşımızda fərqli “Sabah” var idi. Oyun sistemində dəyişiklik etmişdilər. Ola bilər ki, bu çətinlik yaradırdı. Amma oyunu ələ almağa çalışırdıq. Rəqib sürətli oyunçularından istifadə edirdi. Hər iki komandaya təşəkkür düşür”.

 

 

Tacxeber.com Sportal.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 22-ci turunun “Sabah”la oyunundan (3:3) sonra keçirilmiş mətbuat konfransında deyib.

 

– Andrey Lunyov uzaqdan zərbələr zamanı topları götürə bilmir. Bu sizi narahat edir?

 

– Fikir bildirə bilməyəcəm. Baxımlı qollar idi. Hətta rəqibin üçüncü qolunu özüm alqışladım. Baxımlı qol oldu. Videotəkrara baxmaq lazımdır. Buna daha çox qapıçılar üzrə məşqçi baxacaq. Bəlkə düzgün mövqedə deyildi. Amma Lunyov təcrübəli qapıçıdır. Bəzən görürsən ki, belə qollar olmayanda, düşünmə qabiliyyəti azalır. Belə qollar olanda, qarşıdakı epizodlara daha ciddi hazırlaşırsan.

 

– Komandanızda hansı çatışmazlıqları gördünüz?

 

– Çatışmazlıqlar var. İdeal formada deyilik. Əgər bu qədər qol buraxırıqsa, demək ki, çatışmazlıqlar var. Rəqibin yaxşı düşünülmüş hücumları var idi. Komanda diqqətli oynayırdı. Burada tək müdafiə xəttini günahlandırmaq istəmirəm. Komanda şəklində bəzi çatışmazlıqlar oldu. Hücumda oynayırsansa, istər-istəməz boşluqlar buraxmaq normaldır. Bizim qapımıza bu qədər penalti təyin edilməsini xatırlamıram. Uduzsaq da, daha çox topa sahib olmaq istədik. Yaxşı qol epizodları var idi. Buraxılan qollardan hamılıqla fayda çıxaracağıq.

 

– Mərkəz müdafiəçisinin yeri görünür? 

 

– Bəhlul və Bədavidən razıyam. Kevin Medina sağlam olsaydı, daha yaxşı idi. Mərkəz müdafiə xətti elədir ki, orada yanılmalı deyilik. Daha diqqətli və dəqiq iş aparılmalıdır. Əlimizdəki futbolçulardan razıyam. Yaxınlarda da Allah qoysa, Kevin geri dönər.

 

– Bu cür oyundan sonra “Braqa” matçına motivasiya olmaq çətin deyil ki?

 

– O oyunlar tam fərqlidir. Motivasiya etmək asandır. Bir həftə içərisində eyni rəqibə qarşı üç dəfə oynamaq yorucu olur. Amma inanmıram ki, bunun “Braqa” ilə oyuna təsiri olsun. Hazırlıq planımız var idi.

 

– Portuqaliyaya yol uzundur. Nə vaxt gedəcəksiniz?

 

– Oyundan iki gün əvvəl.

 

– İlk dəfədir ki, eyni komanda ilə üç oyunda qapılara 21 qol vuruldu. Bu, hücumçuların bacarığı, yoxsa müdafiəçilərin səhvləridir?

 

– Hər iki xəttin bacarığıdır(gülür).

 

– Toral Bayramovun “Qalatasaray”a keçmək ehtimalı var?

 

– Xeyr. Sizin bildiklərinizdir. Sadəcə yazılardır. Onların direktoru da açıqlama vermişdi ki, heç bir futbolçumuzla maraqlanmırlar.

 

– Rəsmi təklif olsa, necə?

 

– Klublar arasında razılıq olarsa, mümkündür.

 

– Çempionat matçında az adam gəlir, amma “Braqa” ilə görüşdə yəqin ki, stadion dolacaq. Artıq uzun illərdir ki, bu sualı təkrar-təkrar veririk. Demək ki, hələ heç nə dəyişməyib. Sizcə, bu nə vaxt dəyişəcək?

 

– Deyəcək bir söz tapmıram. Çox istəyərdim ki, azarkeş sayı çox olsun. Futbolçular daha çox istəkli olur, daha baxımlı oyun gedir. Futbol azarkeşsiz bir o qədər maraqlı görünmür. İnanın ki, azarkeş az olanda oyun ajiotaj yaratmır. Amma matç 10-15 min azarkeş qarşısında keçiriləndə, daha ajiotajlı görünür. Əfsuslar olsun ki, bunu edə bilmirik. Bilmirəm günahkar bizik, klubdur, yoxsa ümumi futbolumuzdur. Lakin azarkeşlərin gəlməsinə çox ehtiyac var. Futbol azarkeşssiz futbola bənzəmir. Bu, futbolun səviyyəsini çox aşağı salır. Futbolçu 10-15 min azarkeş qarşısında daim oynasa, o hər oyunda 10-15 faiz daha yaxşı oynayar, daha məusliyyətli olar. Mütləq nəsə bir yol tapılmalıdır. Futbol üçün nəsə düşünülməlidir ki, azarkeşlərimiz hansısa formada stadiona gəlsinlər. 10-15 il əvvəl daha çox azarkeş gəlirdi. Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər. Premyer Liqamızın səviyyəsini qaldırmaq lazımdır. Rəqabəti yaxşılaşdırmaq lazımdır. Ümid edək ki, hər şey yaxşı olacaq və bu sualı yenə verməyəcəksiniz (gülür)

 

– Aleksey İsayevin “Braqa”ya qarşı oynamaq ehtimalı var?

 

– Komandaya yaxşı adaptasiya oldu. Nə qədər bacarıqlı olsan da, klubun istəklərinə tam riayət edə bilmirsən. Ondan daha yaxşısını gözləyirik.Oyunundan razıyıq. “Braqa” ilə oyunlara gəldikdə, tam heyət bilinmir. Qarşıdakı günlərdə bilinəcək.

 

– “Xəzər Lənkəran”ın futbolumuza qayıtmaq ehtimalı var. Stadion təmirə bağlanıb…

 

– Ancaq alqışlayıram. Lənkəranda oynamaq…Ora başqa motivasiya ilə hazırlaşırdıq. 10-12 min azarkeş olurdu. Sanki avrokubok oyununa çıxırdıq, hazırlaşırdıq. Çox istəyərdim ki, “Xəzər Lənkəran” yenidən qayıtsın. Fikir varsa, alqışlayıram.

 

– Millimizin Millətlər Liqasında rəqibləri bəlli oldu. Bu haqda nə deyə bilərsiz?

 

– Məlumat verə bilmərəm. İstər-istəməz bir o qədər yaxından maraqlanmıram. Millimizə uğurlar arzulayıram. Tanış rəqiblərə qarşı oynayanda bəzi oyunlar daha asan olur. Çünki rəqibin gücünü bilirsən. Bu dəqiqə ciddi olmayan rəqib yoxdur. Hər bir halda, milliyə uğurlar arzulayıb, inanmalıyıq.

 

– Artıq ikinci matçdır ki, penaltiləri fərqli oyunçular vurur. Bu nədən irəli gəlir?

 

– Ehtiyat. İlk penalti vuran oyunçuların ehtiyatıdır.

 

– Avrokuboklarda da belə olacaq?

 

– Təki, avrokubokalrda da penaltilər olsun, baxarıq.

 

– “Braqa” ilə oyun haqda nə deyə bilərsiz?

 

– Topla sürətli olan, dinamik komandadır. İlk dəqiqələrdən oyunu ələ almağa və sürəti daim artırmağa çalışırlar. Ona uyğunalşamağa və qarşısını almağa çalışacağıq. “Braqa” yaxşı komandadır. Ən azından bilirəm ki, hər iki matç maraqlı olacaq.

 

– “Qarabağ”ın “Braqa”ya qarşı oyun planı hazırdır?

 

– Demək olar ki, hazırdır. Bu gün gecə oyunları var. Bundan əvvəlki oyunlarını analiz edəcəyik. Bəlkə hansısa dəyişiklik oldu. Amma plan hazırdır.

Tacxeber.com

Oxşar xəbərlər