• 23 Noyabr 2024 09:14

“Estetik əməliyyatlara girib ombalarını, sinələrini düzəltdirirlər, ağıllarına gəlmir ki…”

“Estetik əməliyyatlara girib ombalarını, sinələrini düzəltdirirlər, ağıllarına gəlmir ki...”

Bu gün Azərbaycanda plastik əməliyyatlar getdikcə populyarlaşır. Həkimlərin bildirdiyinə görə, buna səbəb bu sahədə informasiyanın çoxalması, eləcə də bununla bağlı maneələrin aradan qaldırılmasıdır.

 

 

Lakin bu mövzuda tənqidlər də səngimək bilmir, demək olar ki, hər kəs insanların bir-birinə bənzəməsindən gileylənir. Plastik cərrahlar isə pul xatirinə yanına gələn hər pasiyenti estetik əməliyyat etməyə dərhal razı olurlar.

 

Bəs görəsən, insanların özündə davamlı olaraq qüsur axtarması nə ilə bağlıdır?

 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, estetik cərrahlar hər şeydən öncə bu əməliyyatların fəsadları barədə pasiyentləri məlumatlandırmalıdır:

 

“5 yaşlı bir uşağa sual versən ki, sən özündə nəyi dəyişdirmək istəyərdin, o, cavab verəcək ki, heç nəyi. Həmçinin 60 yaşlı qadına bu sualı versən, o da eyni cavabı verəcək. Çünki 5 yaşlı uşaq bunu anlamır, 60 yaşlı qadın isə bilir ki, özündə nəyisə dəyişdirmək səhvdir.

 

Əvvəllər estetik cərrahlar yox idi, məgər onda bu cəmiyyət estetiksiz keçinmirdi? Bu gün ucdantutma hər kəs estetik əməliyyat edir. Bunu o insanlar edər ki, onlar göz önündədir, müğənni, aktrisa, aparıcıdır. Artıq evdar qadınlar da gedib əməliyyata girir. Estetik cərrahlar isə bunun fəsadlarını anlatmır.

 

Bu yaxınlarda çalışdığım klinikaların birində qeydiyyat şöbəsində olan qız estetik əməliyyatdan dolayı dünyasını dəyişdi. Estetik cərrahlar ilk növbədə bu əməliyyatın fəsadlarını barədə danışmalıdır”.

 

Psixoloq qeyd edib ki, əsasən, sevilməyən, şəxsi həyatında uğursuz olan qadınlar plastik əməliyyatlara daha meylli olurlar:

 

“İnsanlar müəyyən yaşdan sonra özlərində qüsurlar axtarmağa başlayırlar. Xüsusən də sevilməyən qadınlar bunu daha çox edirlər.

 

Bəzən elə qadınlar olur ki, həddən artıq kiloludur, amma bunu özünə dərd eləmir, çünki sevilir, bədənini sevir.

 

Bizdə sanki gözəlliyin standartları formalaşıb, arıqlıq gözəlliyin ilk standartı olub.

 

Elə əməliyyatlar var ki, bu, lazımdır. Məsələn, bariatrik əməliyyat (mədəkiçiltmə) elə adamlar var ki, 150-200 kiloqramdır, bu gələcəkdə onun üçün infarkt riskini artırır. Amma bəzi evdar qadınlar düşünür ki, belim incə olsun, sinəm daha böyük olsun. Məncə, buna ehtiyac yoxdur.

 

Bu gün bir insan işində, şəxsi həyatında uğurlu deyilsə, sevilmirsə, ailə qura bilmirsə, o qüsuru ruhunda deyil, cismində axtarmağa başlayır. Beləcə kompleksləri özünə çəkir. Bu da estetik cərrahların sayını artırıb. Artıq adi cərrahlar belə estetik əməliyyatlara girirlər, çünki bu sahədə pul var.

 

İnsanlar öz beynini, psixologiyasını düzəltmək yerinə, estetik əməliyyatlara girib ombalarını, sinələrini düzəltdirirlər. Ağıllarına gəlmir ki, birinci psixoloqa gedim, görüm, niyə özümlə barışıq deyiləm, niyə özümü olduğum kimi qəbul etmirəm?”

Tacxeber.com

Oxşar xəbərlər