Azərbaycan XİN-dən Borelin açıqlamalarına reaksiya: “Ermənipərəst mövqe tutur”
“13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik”.
Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Azərbaycan əleyhinə iddiaları ilə bağlı şərhində deyilir.
“Ali nümayəndə Cozep Borelin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır.
Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb.
Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq-Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfi dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərəfinə yaxşı məlumdur.