• 22 Sentyabr 2024 10:32

“Təhlükə yaxındadır, o cür taksi sürücüləri yenə var…” – Siqnal

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Mehman oğlu Əhmədovla bağlı müxtəlif iddialar səslənir.

Həmin iddialara görə, Əhməd Əhmədov 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürübmüş.

Qətlə yetirilən Mehman Əhmədovun xalası Qənirə Əhmədova da dünən hadisə yerində mediaya açıqlamasında Əhmədin təhsil alarkən bıçaqlanma hadisəsi törətdiyini söyləyib. Qohumları onun ciddi psixi xəstə olduğunu, reabilitasiya mərkəzində müalicəsinin labüd olduğunu ailənin diqqətinə çatdırdıqlarını bildiriblər. Ehtimallara görə, ailə Əhmədi cəzadan yayınmaq üçün ruhi dispanserə yatırıb və müəyyən müddət sonra Rusiyada yaşayan biznesmen dayısı Niyaz Bədəlovun yanına göndərib.

 

Əhməd Əhmədovun sürücülük vəsiqəsinin olduğu və ailəsinin başını qatmaq məqsədilə ona maşın aldığı, Bakıda taksi fəaliyyəti göstərdiyi kimi iddialar da irəli sürülür

Bu hadisə fonunda ruhi narahatlığı olan şəxslərin sürücülük vəsiqəsinə necə sahib olması və taksi fəaliyyəti müzakirələrə səbəb olub.

 

Məsələ ilə bağlı Teleqraf.com-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, sürücü peşəsində çalışan hər bir şəxs işə düzələrkən və sonra dövri olaraq tibbi yoxlanışdan keçməlidir:

 

“Bu qaydalar qanunvericiliyimizdə var. Amma qanun yazıldığı kimi vicdanla, şəffaf şəkildə icra olunsa, bu kimi halların qarşısı alınar. Mövcud qanunvericilik müəyyən parametrlərinə görə, dünyada mövcud olan qaydalardan heç də geri qalmır. Çünki hüquqda belə bir qayda var, qanun hərfi mənada tətbiq edildikdən sonra onun təcrübədə hansısa boşluğunun olduğu ortaya çıxır. Qanun tətbiq edilməyəndə boşluğun olub-olmadığını müəyyənləşdirmək çətin olur.

 

Qanunda qeyd edilib ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs yeni qaydalara əsasən buraxılış kartı əldə etməlidir. Bunun üçün həmin şəxsin sağlamlığı əhatəli olaraq yoxlanılmalıdır. Psixi-nevroloji yoxlanışdan keçdikdən sonra onun taksi fəaliyyətində çalışıb-çalışmaması müəyyənləşir.

 

Sözsüz ki, bu qaydalar işləsə, müntəzəm tibbi yoxlamalar aparılsa, nəzarət olunsa, bu kimi hallar baş verməz. Eyni zamanda bu hal fəaliyyət prosesində də aşkarlana bilər.

 

Hər hansı şəxsin müəyyən tarixdə sağlamlıq haqqında arayış alması onun tam və daim sağlam olması demək deyil. Elə xəstəliklər və psixi durum var ki, onları aşkara çıxarmaq uzun müddətli müşahidə tələb edir. Kobud qayda pozuntuları, davranışları şəxsin normal olmadığına dəlalət etsə, onun təkrar yoxlanışa cəlb edilməsi ilə bağlı da mexanizm olmalıdır.

 

Dünən baş verən cinayət hadisəsində saxlanılan şəxsin tutulması taksi sürücüsü kimi fəaliyyəti ilə bağlı deyil. Amma hər halda bu, cəmiyyətə bir siqnaldır. Bu o deməkdir ki, hazırda sükan arxasında, xüsusən də taksi xidmətində belə adamlar da var. Əslində bu, çox ciddi və təhlükəli məqamdır. Ona görə də, səlahiyyətli orqanlar, dövlət qurumları bu kimi hallardan narahat olmalıdır. Qanun həqiqi mənada tətbiq edilməlidir ki, bu kimi hallar bir daha yaşanmasın”.

Tacxeber.com

Oxşar xəbərlər