Aleksey Navalnıy və Nikol Paşinyan. Bu iki siyasətçini bir-biri ilə birləşdirən nədir ?
Putin dünyanın bir xərçəng xəstəliyidir desək yanılmarıq. Bu adam 24 ildir ki, dünyanın ərazisinə görə ən böyük olan ölkəsinin rəhbəridir.
Üzdən mülayim görünən bu rəhbər əslində dəvədən də çox kinli və hər zaman sevmədiyi adamdan intiqam almaq hissi ilə alışıb yanan birisidir .
Buna misal olaraq , Litvinenko, Skripal, Xodorkovskiy, Nemtsov, Polşa prezidenti Lex Kaçinski, Priqojin, indi də Navalni ölümləri, Sakaşvilinin başına gətirilənlər (əslində siyahını daha uzatmaq olar).
Bu ondan xəbər verir ki, Putin rəqiblərini əzmək, sındırmaqla yanaşı həm də fiziki olaraq məhv edir. Adam sanki bundan xüsusi bir zövq alır.
Siyasətlə yaxından, uzaqsan hali kəslər bilir ki, Putin bu Paşinyanı əvvəldən heç sevmədi.
Niyə də sevsin? – Axı Paşinyan Rusiyanın adamını devirərək, seçki yolu ilə hakimiyyətə gəlib. Adam, müharibədən məğlub çıxdığı halda seçkini qazanaraq növbəti müddətə Baş Nazir postunda qala bilib. Paşinyanın yürütdüyü siyasi kurs Rusiyadan qopmağa yönəlib, istiqaməti də üzü Qərbdədir. Belə bir siyasətçini axı necə sevə bilər Putin ?
Elə isə Rusiyanın əlindən çıxan Ermənistan rəhbərini intiqamçı Putin necə cəzalandıra bilər axı ?
Zatən siyasi kursu Qərbə yönəlik olduğundan İkinci Qarabağ müharibəsi zamanı Rusiya mütəffiqi Ermənistanın yanında yox Azərbaycanın yanında durmağı üstün tutmuşdu. Bu özü də bir qisas addımı idi. Bəlkə də Putin düşünürdü ki, məğlub Paşinyanı erməni xalqı daş-qalaq edərək hakimiyyətdən qovacaq və adamı xalq özü cəzalandıracaq.
Gördüyümüz kimi bu olmadı. Səbəb sadə idi. Bəlkə də Paşinyan pis rəhbərdir Amma məsələ burasındadır ki, Putinin adamları hesab edilən Paşinyanın rəqibi olmuş keçmiş Ermənistan rəhbərləri ondan da pis imidjə malikdirlər. Görünür Putinin polittexnoloqları bunu nəzərə almamışdılar.
Görünən mənzərə budur ki, intiqam almaqdan zövq alan Putin hələlik Paşinyan fiqurunun qarşısında zəfər əldə edə bilməyib. Bu da böyük ehtimalla Putini daha da qəzəbləndirir.
Elə isə Putin nə edə bilər ki, Paşinyan fiqurunu diz çökdürsün ?
Əgər bir anlıq Putinin kafası ilə düşünsək demək olar ki, adam Zəngəzur bölgəsinin Azərbaycan tərəfindən işğalına yaşıl işıq yandıracaq. Hətta nəinki yaşıl işıq yandıracaq əksinə Azərbaycanı buna məcbur edəcək. Bu plana etiraz edəcək qüvvələr İran, Qərb və Azərbaycandır.
İranı ikna etmək artıq Putinin üzərinə düşür. Qərbin etiraz etməsi isə Ukrayna savaşına diqqətin azalması deməkdir. Bu baxımdan bu hətta Rusiyanın arzuladığı andır. Çünki, Qərb dövlətlərinin bu regiona hərbi müdaxiləsi mümkünsüzdür. Azərbaycan isə Moskvanın sözündən çıxa biləcək gücdə deyil. Baxmayaraq ki, bu addım Azərbaycanın siyasi meydanlarda əlavə problemləri deməkdir.
Bəlkə də bu planın “start düyməsi” artıq basılıb. Əgər belədirsə Azərbaycanda səbəbsiz olaraq Prezident seçkilərinin 1 il önə çəkilməsi bu planın bir hissəsi ola bilər. Yəni müharibə edəcək ərəfədə seçki əlavə maneədir. Necə ki, 2020-ci ilin oktyabr ayında nəzərdə tutulan seçki 2020-ci ilin fevralında keçirildi. İndi görürük ki, səbəb planlaşdırılmış İkinci Qarabağ savaşı idi.
Əgər düşündüyümüz həqiqətə yaxındırsa demək ki, 2024-cü ilin sonu və ya 2025-ci ilin yaz aylarında Azərbaycanın Zəngəzura müdaxiləsi nəzərdə tutulur.
Bu da Pasinyan fiqurunun siyasi məğlubiyyəti olacaq və ya yox bunu zaman göstərəcək. Amma bu mənzərə Navalni və Paşinyanı birləşdirən mənzərədir. Fərq ondadır ki, Paşinyan Navalnidən fərqli olaraq hələ də duruş gətirə bilir.