• 22 Sentyabr 2024 03:35

Viktor Örn, nasist Almaniyasının gədəbəyli zabiti.

Viktor 1907-ci ildə Gədəbəydə anadan olub. Onun atası “Siemens & Halske” şirkətində işləyib. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra ailə Almaniyaya köçüb.

 

Viktor Örn 1927-ci ildə alman donanmasında – reyxsmarinedə xidmət etməyə başlayır.

 

Versal müqaviləsi Almaniyaya sualtı qayıqlara malik olmağı qadağan edirdi. 1935-ci ildə Hitler Almaniyanın birtərəfli qaydada Versal müqaviləsindən çıxdığını elan etdi. Bundan sonra sualtı qayıqlar inşa edildi və Örn də onlardan birinin – U-14-ün kapitanı olub. 1938-1939-cu illərdə Hərbi-dəniz akademiyasında təhsil alır və sonra sualtı donanma qərargahında işləyir.

 

1939-cu ilin oktyabrında Almaniya donanması səs-küylü əməliyyat həyata keçirir. Günter Prinin komandanlıq etdiyi U-47 qayığı ingilis donanmasının əsas bazası olan və ciddi mühafizə olunan Skapa-Flou limanına daxil oldu və “Royal Oak” adlı xətt gəmisini (linkor) batırdı. Nəticədə 833 britaniyalı dənizçi həlak oldu.

 

Alman sualtı qayığının Skapa-Flouya daxil olub böyük bir gəmini batırmasının hərbi faydası nə qədər çox idisə, siyasi əhəmiyyəti daha böyük idi. Sualtı donanmanın komandanı admiral Karl Dönits bu əməliyyatın planlaşdırılmasında Viktor Örni xüsusi qeyd edir. Ola bilər buna görə 1940-cı ilin yanvarında II dərəcəli Dəmir xaç ordeni ilə təltif olunur.

 

Örn 1940-cı ilin may-oktyabr aylarında U-37 qayığına komandanlıq edir. Bu aylarda gəmi dörd dəfə səfərə çıxır və ümumi tonnajı 104 746 brutto-ton olan 24 düşmən gəmisini batırır. I dərəcəli Dəmir xaç ordeni ilə mükafatlandırılır və oktyabrda yenidən qərargaha qayıdır.

 

1942-ci ildə Şimali Afrikaya ezam olunan Örn iyulda birinci əl-Əlameyn döyüşündə ağır yaralanaraq əsir düşür. 1943-cü ildə Qırmızı xaçın vasitəsilə aparılan əsirlərin mübadiləsi nəticəsində Almaniyaya qayıdır. Müharibə qurtaranda Hərbi-dəniz donanması Baş komandanlığında əməliyyat idarəsinin rəhbəri vəzifəsini tuturdu. Rütbəsi isə Fregattenkapitän idi, bu da polkovnik-leytenanta uyğundur.

 

Müharibədən sonra “Simens” şirkətində işləyən Viktor Örn 1997-ci il dekabrın 26-da Bonn şəhərində vəfat edir.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər