Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson amerikalı jurnalist Taker Karlsondan Ukrayna münaqişəsi ilə bağlı mövqeyini izah edəcəyi müsahibə üçün 1 milyon dollar tələb edib.
Tacxeber.com xəbər verir ki, Karlson bu barədə “Blaze” onlayn nəşrinə müsahibəsində bildirib.
“Boris Conson məni “Kremlin aləti” və ya buna bənzər bir şey adlandırdı. Buna görə də, ona müsahibə üçün müraciət etdim. Nəhayət, onun məsləhətçilərindən biri mənimlə əlaqə saxladı və: “O, sizə müsahibə verəcək, ancaq bu, 1 milyon dollara başa gələcək. O, 1 milyon ABŞ dolları, qızıl, ya da bitkoin istəyir”, – dedi. Bu hadisə haradasa iki gün əvvəl baş verdi”, – Karlson deyib.
O, izah edib ki, yalnız bu şərtlərlə Conson onunla Ukrayna haqqında danışmağa və mövqeyini izah etməyə razı olub.
“Mənim niyə səhv etdiyimi və ya onun niyə haqlı olduğunu izah etmədən mənə hücum edir. Və bunu Amerika hökumətinin tələbi ilə bir il yarım əvvəl Ukraynada sülh razılaşmasının qarşısını təkbaşına alan bir adam edir. İnanıram ki, onun yüz minlərlə insanın ölümündə günahı var. Və mən 1 milyon dollar ödəməyənə qədər o, müsahibəsində bunların heç birinə aydınlıq gətirməyəcək”, – jurnalist qeyd edib.
“Mən Rusiya Prezidenti Vladimir Putindən müsahibə aldım. Mən Putini müdafiə etmirəm, ancaq Putin məndən 1 milyon dollar istəmədi”, – Karlson əlavə edib.