• 24 Noyabr 2024 10:11

Azərbaycanda əhali daha çox dollar almağa başlayıb – SƏBƏB NƏDİR?

 

 

Azərbaycanın Mərkəzi Bankında keçirilən valyuta hərraclarında dollara tələbi azaltmaq mümkün olmur. 

Bu gün keçirilən növbəti hərracda da xarici valyutaya tələb yüksək olub. Mərkəzi Bankın məlumatına əsasən, hərracda banklar 108,1 milyon dollar dəyərində xarici valyuta alıblar.

Azərbaycanda ötən ilin dekabrından dollara tələbdə yüksəlmə müşahidə edilir. Bu hal fevralda daha yüksək səviyyəyə çatıb. Bunu statistik məlumatlar da təsdiq edir. Fevralın 22 günü ərzində 7 valyuta hərracı keçirilib və bu hərraclarda ümumilikdə 685,5 milyon dollar dəyərində xarici valyuta satılıb. Hərracların dördündə isə xarici valyutaya tələb 100 milyon dolları ötüb.

Mərkəzi Bank proqnozlaşdırır ki, növbəti aydan etibarən hərraclarda dollara tələb zəifləyəcək. Qurum fevralda tələbin artmasını daha çox mövsümi amillərlə əlaqələndirib.

Mərkəzi Bankın bu arqumenti öz təsdiqini tapmır. Çünki dollara tələbdə güclənmə hər ilin fevralında müşahidə olunmur. Əgər hər ilin fevralında belə bir hal yaşansa idi, o halda Mərkəzi Bankın arqumentləri ilə razılaşmaq olardı.

Azərbaycanda hər ilin dekabrında hərraclarda dollara tələbin artması görünür. Buna görə də dekabrda dollara tələb artdıqda bu, adi hal kimi qarşılanır.
Fevral və ya yanvar ayları ilə bağlı oxşar fikri söyləməyə isə əsas yoxdur. Məsələn, 2024-cü ilin yanvarında hərraclarda 417,1 milyon dollar satılmışdı. Bir il əvvəl isə yanvarda 159,1 milyon dollar satılıb.

Eynilə 2023-cü ilin fevralında hərraclarda 356,5 milyon dollar satıldığı halda, bu il hələ fevral ayı başa çatmasa da artıq 685 milyon dollardan çox valyuta satışı həyata keçirilib.

Müqayisələr göstərir ki, bu il dollara tələbin artması yalnız mövsümi səbəblərlə bağlı deyil. Burada digər amillərin təsiri daha güclüdür. 

Zənnimizcə, əhali arasında devalvasiya olacağına dair şayiələrin yayılması dollara əlavə tələb yaradıb. İndi insanlar mümkün olduğu qədər daha çox vəsaitini dollara dəyişir. Buna görə də hərraclarda banklar daha çox dollar almağa məcbur qalır.

Bu prosesin, yəqin ki, müəyyən müddətdən sonra dayanması ehtimalı var. Çünki Azərbaycanın tədiyə balansı profisitlidir və belə vəziyyətdə dollara tələbin uzun müddət yüksək olması mümkün deyil.  (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər