• 22 Sentyabr 2024 10:20

Həbsdə olan AXCP üzvü 25 gün “karsa” salınıb

 

 

Şahin Hacıyev günahsız olduğuna və prezident seçkisindəki saxtakarlıqlara diqqət çəkmək istədiyi üçün cəzalandırıldığını bildirib

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər şöbəsinin üzvü Şahin Hacıyevin həbsxanada təzyiqlərə məruz qaldığı bildirilir.

 

Bu barədə “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib. O bildirib ki, Şahin Hacıyev əvvəlcə 15 gün, çıxdıqdan sonra isə yenidən 10 gün cərimə kamerasına salınıb.

 

“Şahin Hacıyev hazırda 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Fevralın 3-də geyindiyi gödəkcənin arxasına “mən günahsızam” yazıb. Müəssisənin əməkdaşları onun gödəkcəsini soyundurub, müsadirə ediblər. Hacıyev bu dəfə də jiletinin arxasına “seçki şou” yazıb. Bundan sonra jiletini də əlindən alıb 15 günlük cərimə kamerasına salıblar”, – deyə hüquq müdafiəçisi bildirib.

 

Rüfət Səfərov deyir ki, Şahin Hacıyev cərimə kamerasından çıxdıqdan sonra CÇM rəhbərliyi ondan “ağıllanıb-ağıllanmadığını” soruşub:

 

“Hacıyev hökumətin əleyhinə fikirlər səsləndirib. Bundan sonra onu yenidən 10 gün müddətinə cərimə kamerasına salıblar”, – deyə Rüfət Səfərov əlavə edb.

 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətilə əlaqə saxlamağa çalışsaq da, rəsmi saytda qeyd olunan telefon nömrələrinin heç birinə cavab verən olmayıb.

 

56 yaşlı AXCP üzvü Şahin Hacıyev şahmat ustasıdır. O, 2022-ci ilin noyabrında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham edilərək həbs olunub. 2023-ci il martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hacıyev və təmsil olunduğu AXCP ittihamları rədd edir, onun siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir. (AbzasMedia)

Tacxeber.com

Oxşar xəbərlər