• 24 Noyabr 2024 08:34

“Ağdamdakı stadiona Qurban Qurbanovun adı verilsin” təklifi narazılıq yaratdı 

Deputat Fazil Mustafanın Ağdamda tikiləcək stadiona “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif etməsi birmənalı qarşılanmayıb. Başda Ağdam ziyalıları olmaqla, bir çox futbol azarkeşi bu təklifə etiraz edib. 

 

Aralarında Ağdamın tanınmış ziyalılarının da olduğu futbolsevərlər stadionun tarixi adının “İmarət” olduğunu xatırladaraq, dəyişikliyə lüzum olmadığını bildiriblər. Bəzi ağdamlı yazar və jurnalistlər isə klubun yaradıcısı olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid-komandir Allahverdi Bağırovun adının əbədiləşdirilməsinin daha düzgün olacağını vurğulayıblar.

 

Mövzu ilə bağlı Milli Məclisin əslən Ağdamdan olan deputatı Aqil Abbas da fikirlərini bölüşüb. Millət vəkili Yenisabah.az-a açıqlamasında deyib ki, Ağdam camaatının əksəriyyəti yeni tikiləcək stadiona Allahverdi Bağırovun adının verilməsini istəyir:

 

“Keçmiş “İmarət” stadionu bərpa oldunduqdan sonra konsert və şənliklər üçün istifadə olunacaq və öz adını qoruyacaq. Bu planda da var. İşğaldan öncə futbol stadionu kimi fəaliyyət göstərsə də, artıq kütləvi tədbirlər üçün nəzərdə tutulub. Ağdamda 15 minlik yeni stadion və futbol akademiyası tikiləcək. Amma məsələ burasındadır ki, Ağdam camaatı yeni tikiləcək stadiona Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun adının verilməsini istəyir. Çünki o, “Qarabağ” klubunu yaradanlardan biridir. Komandaya kapitanlıq və baş məşqçilik edən məhz Allahverdi Bağırov olub”.

 

Deputat Ağdamda Qurban Qurbanova heykəl qoyacaqlarını da diqqətə çatdırıb:

 

“Mənim Qurban Qurbanova böyük hörmətim var. Bir müddət öncə mətbuatda yazmışdım ki, Qurban Qurbanovun sağlığında Ağdamda onun heykəlini qoyacağıq. Allah qoysa, stadion tikilsin, ondan sonra daha konkret danışarıq”.

Tacxeber.com

Oxşar xəbərlər