Həbsdə olan ictimai fəalın səhhətinin ağırlaşdığı bildirilir
Anası: “4-5 nəfərlik kamerada 18 nəfər saxlanılır. Növbə ilə yatırlar”
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Möhyəddin Orucovun səhhətinin ağırlaşdığı bildirilir.
İctimai fəalın anası Təranə Orucova bu barədə “Turan”a danışıb.
O, bildirib ki, əvvəlki inzibati həbsində Möhyəddin Orucovun səhhətində problemlər yaranmışdı, hazırda ağrılar daha da şiddətlənib:
“2023-cü ilin oktyabrında inzibati qaydada həbs edildikdən sonra onu uzun müddət açıq havada saxlayıblar və böyrəklərinə soyuq dəyib. Həbs dövründə müayinə etməyiblər, sadəcə ağrıkəsicilər veriblər. Azadlığa çıkandan sonra müalicə olunurdu, ancaq yenidən həbs edildi, müalicəsi yarımçıq qaldı” – ictimai fəalın anası bildirib.
T.Orucova deyir ki, oğlunun bədənindəki ağrıların artması, saxlanma şəraiti vəziyyəti daha da dözülməz edib:
“Hazırda onun böyrəklərində ağrılar artıb. Onu xəstəxanaya yerləşdirməkdən imtina edirlər. Vəkil sabah yenidən onun xəstəxanaya köçürülməsi üçün müraciət edəcək. Saxlanma şəraitindən narazıdır, 4-5 nəfərlik kamerada 18 nəfər saxlanılır. Növbə ilə yatırlar” – Təranə Orucova bildirib.
Möhyəddin Orucov İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. O, 2023-cü ilin oktyabrında ictimai tənqidlərindən sonra polisin əmrinə tabe olmamaqda ittiham edilərək 30 gün müddətinə inzibati qaydada həbs edilib.
30 gün sonra azadlığa çıxan ictimai fəal açıqlama yayaraq həbsinin siyasi fəaliyyətilə əlaqəli olduğunu bildirib və saxlanılan vaxt polis bölməsində işgəncələrə məruz qaldığını deyib.
Bundan sonra, dekabrın 13-də yenidən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Ictimai fəal ittihamları rədd edir, həbsinin siyasi fəaliyyətilə əlaqəli olduğunu bildirir.