“Fevralın 25-də Almaniyanın xarici işlər naziri Annalena Berbokun Ukraynada Nikolayevə səfəri zamanı Rusiyaya məxsus pilotsuz uçuş aparatı korteji izləyib”.
Tacxeber.com xəbər verir ki, bu barədə ilk məlumatı Almaniyanın “Bild” və ZDF nəşrləri yayıb.
“Deutsche Welle”nin xəbərinə görə, Almaniya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib.
Bildirilir ki, Nikolayev yaxınlığında Almaniyanın iştirakı ilə tikilmiş duzsuzlaşdırma stansiyasına səfəri zamanı Berbokun ardınca PUA hərəkət edib. Stansiyaya səfər vaxtından əvvəl ləğv edilib, lakin pilotsuz təyyarə nazirin kortejini izləməyə davam edib və sonra uzaqlaşıb.
Qeyd edilir ki, kəşfiyyat pilotsuz təyyarələrinin uçuşları adətən hava zərbələri ilə müşayiət olunur, buna görə də Almaniya Xarici İşlər Nazirliyi Berbokun dərhal Ukraynanı tərk etməsinə qərar verib. Berbok və alman nümayəndə heyətinin üzvləri Nikolayevi zirehli maşınlarda tərk edib, bundan sonra Moldova sərhədini keçib.
Xatırladaq ki, Annalena Berbok Ukraynaya fevralın 24-də, genişmiqyaslı müharibənin ikinci ildönümündə gedib. Birinci gün Odessaya, ikinci gün isə Nikolayevə baş çəkib.