Budanov rus generalın oğlunu bu cür öldürüb – NYT
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı “2245-ci dəstə” adlı elit bölməsinin tərkibində olub.
Bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Nəşrin məlumatına görə, Budanov MKİ-nin texniki işçilərinin onları dəyişdirə və şifrələmə sistemlərini poza bilməsi üçün Rusiya PUA-ları və rabitə avadanlıqlarını ələ keçirən bölmənin zabiti olub:
“General Budanov “2245-ci dəstə”nin ulduzu idi. O, düşmən xəttinin arxasındakı cəsarətli əməliyyatları ilə tanınırdı və MKİ ilə dərin əlaqələrə malik idi. Agentlik ona təlim keçib və həmçinin Donbasda döyüşlər zamanı sağ qolundan yaralanandan sonra reabilitasiya üçün Merilənd ştatındakı “Valter Rid” Milli Hərbi Tibb Mərkəzinə göndərmək kimi fövqəladə addım atıb”.
“Nyu York Tayms” yazır ki, əməliyyatların birində rus forması geyinmiş Budanov şişmə qayıqlarda əsgərləri dar boğazdan keçirərək işğal olunmuş Krıma çatdırıb. Yarımadada ukraynalı döyüşçüləri Rusiyanın elit xüsusi təyinatlı dəstəsi qarşılayıb. Döyüş zamanı ruslar itki veriblər, hətta ölənlər arasında rus generalın oğlu da olub. (Axar)