• 24 Noyabr 2024 16:29

PISA: “7912 azərbaycanlı şagirdin 23 faizi özünü təhlükəsizlikdə hiss etmir”

 

Komitə sədri hesab edir ki, məktəblərdə bullinqin qarşısını tam almaq mümkün deyil

 

“Nə qədər ki, insan, cəmiyyət var, bu cür hallar da olacaq”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məktəblərdə şagirdlərin bullinqə məruz qalması hallarını şərh edərkən deyib. Onun sözlərinə görə, bu cür halların qarşısını tam almaq mümkün deyil.

 

“Nə qədər işlər görülsə də, bu cür hallar baş verir. Baş verənlər işlərin görülməməsindən deyil… Düşünürəm ki, bu istiqamətdə işlər aparmaqla müəyyən qədər belə halların qarşısını ala bilərik”, – deyə komitə sədri bildirib.

 

Bir müddət əvvəl Bakıda yerləşən 156 saylı orta məktəbin 11-ci sinfində təhsil alan bir qızın öz həmcinsini zorakılığa məruz qoyduğunu əks etdirən video yayılmışdı. Media və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olan video bu qəbildən olan ilk görüntü deyil. Məktəblərdə zorakılıq hallarını əks etdirən videolar zaman-zaman sosial şəbəkələrdə yayılır.

 

“Agora” Analitik Kollektivinin yaydığı məlumata görə, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) 2022-ci ildə Bakının 178 məktəbində təhsil alan 7912 şagird arasında sorğu keçirib. Sorğuda iştirak edən şagirdlərin 23 faizi məktəbə gedərkən, 20 faizi isə yolda gedərkən özlərini təhlükəsiz hiss etmədiyini bildirib.

 

PISA bu araşdırmanı dünyanın 81 ölkəsində aparıb və bu göstərici üzrə ən yüksək nəticə Azərbaycanda qeydə alınıb. Sorğuda iştirak edən həm oğlan, həm də qız şagirdlərin 21 faizi, yəni təxminən hər beş şagirddən biri ayda bir neçə dəfə bullinqə məruz qaldığını bildirib.

 

Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 2023-2024-cü təhsil ilində Azərbaycanda 4431 əyani ümumi təhsil müəssisəsində 1,6 milyon şagird təhsil alır.

 

Nazirlik ümumi təhsil müəssisələrində təhsil alanların hüquq və vəzifələrini təmin etmək məqsədilə nizam-intizamı tənzimləyən qaydalar hazırlayıb. “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” adlı sənəd əvvəlcə 300 məktəbdə pilot layihə kimi tətbiq olunub.

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova mediaya açıqlamasında deyib ki, pilot layihəyə sözügedən 156 saylı məktəb də daxil edilib.

 

Bu qaydalara şagirdin xarici görünüşü, davamiyyəti, qarşılıqlı münasibətlərin tənzimlənməsi, təhlükəsizlik məsələləri və sairə kimi maddələr daxil edilib. Həmçinin etik davranış bölümündə məktəbdə yolverilməz davranışlar sadalanıb:

 

“Böhtan atmaq və həqiqəti gizlətmək, məktəbin sənəd və ya məlumatlarını dəyişdirmək, saxtalaşdırmaq və zərər vermək, akademik nəticələrini saxtalaşdırmaq, bu məqsədlə məktəb heyətinə pul, hədiyyə və ya digər maddi nemətlər təklif etmək, qeyri-qanuni dərman vasitələrini məktəbə gətirmək, başqalarına təklif etmək və ya satmaq, summativ qiymətləndirmə qaydalarını pozmaq, sinif və ev tapşırıqlarını yerinə yetirərkən, həmçinin summativ qiymətləndirmə zamanı plagiatlıq və ya köçürmək, alqı-satqı, əşyaların dəyişdirilməsi və ya qumar oynamaq, qeyri-etik, təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq, dini və ya siyasi baxışları təbliğ etmək, şagird yoldaşlarına qarşı qısnamaya (bullinq) yol vermək”.

 

Qeyd edək ki, sözügedən qaydalar məktəblərdə 2-ci ildir tətbiq olunur.

 

Nazirliyin şagird davranış qaydaları ilə bağlı siyasətini tənqid edən təhsil eksperti Elşən Qafarov deyir ki, nizam-intizamı bərpa etmək üçün məktəblərin öz nizamnamələri qəbul edilməlidir. Onun fikrincə, yalnız bu nizamnamələrdə müəllimlərin, işçilərin, şagirdlərin, valideynlərin məktəbə və təhsilə qarşı davranışları müəyyən edilməlidir.

 

“Hər bir valideyn övladını məktəbə yazdıranda şagird yerləşmə portalında bütün məktəblərin daxili nizamnamələri yerləşdirilməlidir və valideyn ərizəsində qeyd etməlidir ki, nizamnaməni oxuyub, özü və övladı bu nizamnaməyə əməl edəcəyilə bağlı öhdəlik götürür. Bu qaydaları yerinə yetirən şəxslər üçün müəyyən mükafatlandırmalar, qaydaları pozanlar üçün isə cəzalar olmalıdır”, – deyə ekspert bildirir.

 

156 saylı məktəbin direktoru 11-ci sinif şagirdi G.H-nin tədris saatından kənar vaxtda eyni məktəbin ötənilki məzununa qarşı zorakılığını zarafat adlandırsa da, hüquq-mühafizə orqanlarının reaksiyası fərqli olub.

 

“Şagirdin əməlində xuliqanlıq cinayətinin əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir”, – deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

 

Vəkil Fariz Namazlı deyir ki, yaşı 14-dən yuxarı olan uşaqlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar kimi məsuliyyət daşıyırlar.

 

“Xuliqanlıq ittihamı ilə cinayət məsuliyyəti 16 yaşdan etibarən yaranır. Hər bir halda cinayət işi açılır, araşdırılır. Müəyyən olunsa ki, bu adam həqiqətən də cinayəti törədib, amma yaşı cinayət məsuliyyətinə cəlb olunma yaşından azdır, onda işə xitam verilir”, – deyə vəkil bildirib.

 

Bundan başqa, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Buna cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə də daxildir. (AbzasMedia)

 

Tacxeber.com

Oxşar xəbərlər