• 24 Noyabr 2024 08:46

Kafe, restoran və parklardakı təhlükə – DİQQƏTLİ OLUN!

Bir çox ictimai iaşə obyektləri müştərilərinə əlavə ödəniş etmədən “wifi” xidməti təklif edir. Nəinki qapalı məkanlar, həmçinin, parklarda da şifrəsi olmayan “wifi” şəbəkəsinə qoşulmaq mümkündür. Mövcud riskləri nəzərə almadan hər kəs bu xidmətdən istifadə edir. 

 

Məsələ ilə bağlı İKT sahəsi üzrə ekspert Asif Rzayev “Yeni Sabah”a bir sıra vacib məqamları açıqlayıb:

 

“Kafe, restoran, həmçinin park ərazisində açıq, şifrəsiz “wifi” şəbəkələri mövcuddur. Bu şəbəkələrin paylaşılması bir çox risklər yaradır. Bu risklərdən biri də odur ki, biz həmin şəbəkəyə qoşulduğumuz zaman şəxsi məlumatlarımız özümüzün də xəbəri olmadan digər şəxslərin əlinə keçə bilər. Sözügedən risk bu cür açıq “wifi” şəbəkələrində mövcuddur. Açıq və şifrəsiz olması həmin şəbəkəyə hər hansı kibercinayətkarın daxil olmasını əlçatan edir. Beləliklə, dələduzların daxil olduğu bu şəbəkəyə qoşulduqda məlumat ötürmə prosesində, həmin informasiya kibercinayətkarın əlinə keçə bilər”.

 

Ekspert kiberdələduzların qurbanı olmamaq üçün insanlara belə tövsiyə verib:

 

“Vətəndaşlara tövsiyə olunur ki, ilk növbədə, şifrəsiz, dayanıqsız və kiberhücumlara qarşı müdafiəsiz olan açıq “wifi” şəbəkələrinə daxil olmasınlar. Mütləq qoşulmaq lazımdırsa, bu vaxt “VPN” texnologiyasından istifadə etmək daha təhlükəsizdir. Belə olduqda, qarşı tərəfə ötürülən məlumatlar şifrələnir və qapalı formada göndərilir. Koorparativ “VPN”lərdən istifadə etmək daha yaxşıdır. “Wifi” şəbəkəsinə qoşulduqdan sonra “VPN”-ni aktiv etmək lazımdır. Bununla da, mövcud kiberhücum və təhlükə risklərindən sığortalanmaq mümkündür”.

Tacxeber.com

Oxşar xəbərlər