• 24 Noyabr 2024 21:07

Alman zabitlərinin gizli səsyazısı Putinin əlinə necə keçib? – Beynəlxalq qalmaqal

Almaniya Müdafiə Nazirliyi yüksək rütbəli alman zabitlərinin “Taurus” uzaqmənzilli qanadlı raketlərin Ukraynaya tədarükünün perspektivlərinin müzakirə etdiyi audioyazının doğruluğunu təsdiqləyib.

 

Tacxeber.com Rusiya mediasına istinadən bildirir ki, alman hərçilərinin söhbəti zamanı Krım körpüsünün partladılması ehtimalından da danışılıb.

 

Almaniya kansleri Olaf Şolts həssas məlumatın sızdırılmasını “çox ciddi problem” adlandırıb və məsələnin “çox diqqətlə, çox intensiv və çox tez” araşdıracağına söz verib.

 

Bazar günü axşam saatlarında Almaniyanın müdafiə naziri Boris Pistorius insidenti “Putinin informasiya müharibəsinin bir hissəsi” adlandırıb və qeyd edib ki, hərbçilər “müxtəlif ssenariləri müzakirə ediblər” və onların sözləri raketlərin Ukraynaya tədarükünə “yaşıl işıq” yandırılması demək deyil.

 

Federal Hərbi Əks-Kəşfiyyat İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb. Alman mətbuatının məlumatına görə, yoxlama təkcə Hərbi Hava Qüvvələrində deyil, bütün Müdafiə Nazirliyində, eləcə də Almaniya Federativ Respublikasının digər hüquq-mühafizə orqanlarında aparılacaq. Alman hərbi əks-kəşfiyyatı ehtiyatlanır ki, Rusiya almanların kəşfiyyat xidmətlərini də dinləyə bilər.

 

Bundan əlavə, Bundestaq insidentin araşdırılması üçün xüsusi komitənin yaradılmasını tələb edir. Almaniyanın yüksək rütbəli hərbçiləri arasında son dərəcə həssas məsələlərlə bağlı söhbətin Rusiya tərəfindən dinlənildiyi deputatları narahat edib.

 

Alman mətbuatının yazdığına görə, həmin söhbət zamanı Almaniya Hərbi Hava Qüvvələrinin zabitləri qapalı rabitədən deyil, Cisco WebEx konfrans zəngləri üçün nəzərdə tutulmuş kommersiya platformasından istifadə ediblər. Eyni zamanda, söhbətdə iştirak edənlərdən biri müzakirələrə Sinqapurdan adi mobil telefon vasitəsilə qatılıb.

 

Rusiya hakimiyyəti artıq Almaniyadan izahat tələb edib. Moskva hesab edir ki, bundesver zabitlərinin söhbətinin mahiyyəti Kansler Şoltsun Almaniyanın münaqişədə fundamental iştirak etməməsi ilə bağlı bəyanatlarını tamamilə təkzib edir.

 

Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın bu ölkədəki səfiri Aleksandr fon Lambsdorfu “xalça üzərinə” çağırmağı planlaşdırır.

Tacxeber.com

Oxşar xəbərlər