• 24 Noyabr 2024 05:42

Namiqin 500 minlik maşını qalmaqal yaratdı: “Camaatın gözünə soxur”

 

Son vaxtlar şou-biznes nümayəndələri tez-tez 400-500 minlik maşınları, bahalı villaları, bağ evləri ilə öyünürlər. Bu isə cəmiyyətdə bəzən ciddi etirazlara səbəb olur, artıq oxumaq deyəndə gənclərin ağlına kitabdan əvvəl mikrofon gəldiyi iddia edilir. 

 

İddialara görə, bu vəziyyət davam edərsə, yaxın gələcəkdə təhsilli gənclərin sayı get-gedə azalacaq, onlar yaxşı yaşamaq üçün şou-biznesə qatılmaq istəyəcəklər.

Qeyd edək ki, meyxanaçı Namiq Qaraçuxurlu da bugünlərdə bahalı maşını ilə gündəmə gəlib. Hazırda onun idarə etdiyi 500 minlik “Bentley” müzakirə mövzusudur.

Bəs görəsən, bu durumu dəyişmək mümkündürmü? Bunun günahkarı kimlərdir?

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Xeyrəddin Qoca bildirib ki, uzun illər millət vəkili, baş konsul kimi çalışsa da, daim sadə yaşayıb:

“Mənə sual verirsiniz ki, “bahalı maşınlar sürən, təmtəraqlı villalarda yaşayan, çoxlu sərvətləri olan müğənnilər haqqında fikrim nədir?”

İstəyirəm ki, hamı elə yaşasın! İstəyirəm məni tanıyanların xarici ölkələrdə də villaları, mənzilləri olsun, bunun nə ziyanı var? Əksinə, xeyri var ki, mən həmin ölkələrə gedəndə deyim “mənzilin açarını verin, üç gün orada qalım”.

 

Xarici ölkədə işləyəndə bir sürücümüz vardı, deyərdi ki, “mən siz azərbaycanlılarla işləyirəm. Bəzi fikirlərinizə təəccüb edirəm, soruşursunuz ki, “filankəs filan şeyləri necə əldə edib? Bizim ölkədə isə belə fikirdə olan adamlar yox dərəcəsindədir! Bacarığın var, sən də al…”

Mən yazıçıyam, millət vəkili, baş konsul olmuşam, amma həmişə sadə insanlar kimi yaşamışam. Həmişə də çoxlu ehtiyaclarım olub. Bir maşını 14 il sürmüşəm. İndi istifadə etdiyim “Ford-focus”un 11 “yaşı” var. Yəni çox köhnədir. Mən də bahalı, rahat maşın sürmək istərdim, deməli, bacarığım olmayıb ki, buna nail olmamışam! Hamı eyni yaşaya bilməz, axı! Əksinə; Allaha şükür edirəm ki, yaxşıdır, bu da var! Olmayanlar nə etsinlər?”

 

Yazıçı qeyd edib ki, tez-tez var-dövləti, evi, maşını ilə öyünən şou-biznes nümayəndələrinə nə ulduz, nə də korifey demək olmaz. O, bu mövzuda telekanalları və mətbuat orqanlarını günahlandırıb:

“Qaldı böyük-böyük sərvətləri olan müğənnilərə 90 faizi nə müğənnidir, nə “məşhurdur”, nə ulduzdur, nə də korifeydir! Sadəcə olaraq, pulunu haralara xərcləməyi bilməyən cahil insanlarımız onları toya çağırıb, ciblərini pulla doldururlar! Onlar da orada-burada müsahibə verib, görməmiş-görməmiş var-dövlətlərini camaatın gözünə “soxurlar”!

 

Buna da şərait yaradanlar, təəssüf ki, KİV-lərdə çalışanlardır. Efirlərlərdə bir qəpiklik səsi olmayan müğənnilərə “ulduz”, “məşhur, deyəndə əlbəttə, bizim məşhurlar unutdurulacaq! Belə qələm sahibləri harada, kimlərdən təhsil-tərbiyə alıblar, bilmirəm!

Sənətdən, musiqidən danışmaq əvəzinə, “oxuyanların” villalarını, soyuducusundakı ikra, kolbasalarını göstərmək nə deməkdir? Utanmırsınız?”

 

Tacxeber.com

Oxşar xəbərlər