• 24 Noyabr 2024 10:54

Odessada prezident karvanına raket hücumu olub

 

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Vladimir Zelenski Odessa şəhərinə səfər edərkən Rusiya qüvvələri şəhərə raket zərbəsi endirib.

 

Tacxeber.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan OEMA nəşri məlumat yayıb.

Nəşr bildirib ki, Rusiya qoşunları Ukrayna Prezidenti Vladimir Zelenskinin avtomobil karvanını hədəfə alıb, partlayış Baş nazir Mitsotakisin başçılıq etdiyi Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda baş verib.

 

Nəşrin öz mənbələrinə istinadən məlumatına görə, Yunanıstan nümayəndə heyətinin üzvlərindən heç biri xəsarət almayıb.

“Baş nazirin və ya Yunanıstan nümayəndə heyətinin təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”, – hökumətin rəsmi mənbələri bildirib.

Yunanıstanın dövlət naziri Stavros Papastavrou nəşrə verdiyi açıqlamada “Hamımız yaxşıyıq” deyib.

Odessada keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Zelenski raket hücumuna toxunaraq: “Hələlik bütün təfərrüatları bilmirəm, amma bilirəm ki, ölənlər və yaralılar var”, – deyə bildirib.

Yunanıstanın Baş naziri də partlayış səsini eşitdiyi deyib: “Bizə çox yaxın ərazidə partlayış səslərini eşitdik. Sığınacağa getməyə vaxtımız yox idi; çox təsir edici bir təcrübə oldu”.

 

Artıq Aİ rəsmiləri bu hücumu pisləyib. Aİ Şurasının Prezidenti Şarl Mişel “X” hesabında raket hücumu ilə bağlı paylaşım edərək: “Prezident Zelenski və Baş nazir Mitsotakisin səfəri zamanı Odessaya hücum Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsindəki qorxaq taktikasının növbəti göstəricisidir. Bu qınaq obyektidir. Aİ-nin Ukraynaya və onun cəsur xalqına tam dəstəyi səngiməyəcək”, – Şarl Mişel paylaşımında bildirib.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də Zelenski və Mitsotakisin Odessaya səfəri zamanı Rusiyanın bu şəhərə raket zərbəsini pisləyib. “Prezident Zelenski və Baş nazir Mitsotakisin Odessaya səfəri zamanı Rusiya tərəfindən Odessaya edilən xain hücumu qətiyyətlə pisləyirəm. Bu yeni terror cəhdi heç kəsi qorxutmur – əlbəttə ki, nə oradakı iki lideri, nə də cəsur Ukrayna xalqını. Biz həmişəkindən daha çox Ukraynanın yanındayıq”, – von der Leyen bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər