• 25 Noyabr 2024 11:24

Bakıya axın davam etdikcə mənzillər bahalaşacaq” – Ekspert

“Hazırda əmlak bazarında qiymətlər bahalaşmaqda davam edir. Paytaxtda təmirsiz mənzillərin ortalama qiyməti bir kvadrata görə 1500-4000 manat arası, təmirli mənzillərdə isə 2000-4000 manat arası dəyişir. Hazırda şəhərin mərkəzi hissələrində qiymətlər çox artdığından əsas tələbat Abşeron və Xırdalan ərazisindəki mənzillərədir. Həmin ərazilərə tələbatın artması da getdikcə ordakı mənzillərin bahalaşmasına səbəb olur. Digər tərəfdən, Bakı, Sumqayıt, Xırdalan kimi ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin azalması mənzil qiymətlərini yüksəldir. Bakı və paytaxtətrafı ərazilərdə mənzil bazarında müşahidə olunan qiymət artımının qarşısını almaq üçün paytaxta axının qarşısı alınmalıdır. Çünki bölgələrdən Bakıya axın davam etdikcə qiymətlər yüksəlir”.

 

Bunu Bakuposta açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, paytaxtda axın azalsa, avtomatik olaraq mənzil bazarında qiymətlər düşəcək:

“Paytaxt və Bakıətrafı ərazilərdəki mənzillərə tələbat azalsa, alıcılıq səviyyəsi aşağı düşsə, mənzillərin də qiyməti enəcək”.

Ekspert qeyd edib ki, işğaldan azad olunan ərazilərə insanların mərhələli şəkildə köçürülməsi, zamanla həmin ərazilərə həm yaşamaq, həm işləmək üçün gedənlərin sayının artması paytaxtda sıxlığı nisbətən azaldacaq:

 

“Tikinti- bərpa işləri sürətlə davam edərsə, gələcəkdə artıq axın bölgələrdən Bakıya yox, həmin ərazilərə yönələcək. Bu da digər ərazilərdə iqtisadi vəziyyətin yaxşılaşmasına və paytaxtda mənzil bazarında qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq”.

Tacxeber.com

Oxşar xəbərlər