Silahlı dəstələr Haitinin paytaxtında Prezident sarayı da daxil olmaqla bir neçə hökumət binasına hücum ediblər.
Tacxeber.com xəbər verir ki, bu barədə “ABC” telekanalı mənbəyə istinadən məlumat verib.
“Haitili silahlı dəstələr cümə günü axşam Port-o-Prensdə və ya onun yaxınlığındakı bir neçə hökumət binasına genişmiqyaslı hücuma keçiblər”, – məlumatda bildirilib.
Prezident sarayı ilə yanaşı, Daxili İşlər Nazirliyinin binası və polis idarəsi də hücuma məruz qalıb.
Hadisə şahidləri telekanala atışma və partlayışlar barədə məlumat veriblər. Mənbənin sözlərinə görə, bu məlumat təsdiqlənməsə də, 10-a yaxın dəstə üzvü öldürülüb.
Qeyd edək ki, Haiti 2021-ci ilin iyulunda Prezident Jovenel Moizin öldürülməsindən sonra daha da pisləşən ictimai-siyasi böhran yaşayır.
O vaxtdan bəri hakimiyyətin fəaliyyətsizliyi qəsb və adam oğurluğu ilə məşğul olan və ölkənin bütün ərazilərinə, o cümlədən yanacaq terminallarına nəzarət edən qanqster qruplarının təsirinin görünməmiş artmasına səbəb olub.