• 27 Noyabr 2024 23:10

Ölü at, eşşək əti satanların sayı artıb: Görün bu ətlər harada istifadə olunur

 

Azərbaycanda “leş Tofiq”lərin, “Eşşək Tahir”lərin sayı get-gedə artmaqdadır. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, insan sağlamlığı üçün təhlükəli olan ölü at və eşşək ətinin kütləvi tədarükünü təşkil edən daha bir şəxs saxlanılıb. Bu işlə məşğul olanlar həbs olunsa da, qısa bir müddətdə sonra azadlığa çıxaraq yenidən öz işini davam etdirir. 

 

“Leş Tofiq” kimi tanıdığımız Alıbəy Rzaxanov adlı şəxs dəfələrlə ölmüş, istehlaka yararsız mənşəyi məlum olmayan ət satdığına görə həbs olunub. Ancaq qısa müddətdən sonra azadlığa çıxıb. Əldə etdiyimiz məlumata görə, həmin şəxsin Bakının mərkəzində şadlıq sarayı da var. Maraqlıdır, görəsən həmin şadlıq sarayında da insanlara verdikləri yeməklər leş ətlərdən hazırlanır? Ümumiyyətlə, leş ətlər ən çox harada tədarük olunur, bu ətləri kimlər alır, nə məqsədlə istifadə olunur? Bu ətləri alan şəxslərə qarşı hansısa cəza tədbirləri görülürmü?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu sahələrdə bir çox əhəmiyyətli işlər görüb.

 

“DİN-nin bu işini həddindən artıq qiymətləndirirəm. Neçə il öncə ölkənin əmtəə bazarındakı spirtli içkilərin nə vəziyyətdə olduğu məsələsini araşdırdı. Vaxtaşırı belə işlər görür bu idarə və digər qurumlardan fərqli olaraq, cinayətkarları cərimə edib, buraxmırlar. Cinayət işi qaldırırlar, ekspertizadan keçirirlər.

Ancaq nədənsə Azərbaycan məhkəmələri bəzən çox qısa bir müddətdə bu pis əməllərlə məşğul olan adamlara bəraət verirlər. Ona görə də, mən deyirəm ki, ömrümün sonuna qədər o məhkəmələrlə mübarizə aparacağam ki, elə adamlara bəraət verib azadlığa buraxmasın, onlar da gedib yenidən bu işlə məşğul olmasın. Çox təəssüf ki, neçə ildir bu problem Azərbaycanda yaşanır.

Bu məsələ Azad İstehlakçılar Birliyini həddindən artıq narahat edir. İllərdir Azərbaycanda böyük şəbəkə fəaliyyət göstərir. 20 ildən artıqdır ki, biz bu şəbəkəni izləyirik. Qeyd etdiyim dövlət orqanı bu sahədə ən uğurlu işlər aparır. Buna görə onlara təşəkkür edirik”.

Eyyub Hüseynov təəssüflə bildirdi ki, ölkədə istənilən ətin satışına icazə var və heç bir qadağa yoxdur:

“Ölkədə ənənəvi olmayan heyvan ətlərinin satışı üçün də qadağa yoxdur. Ona görə də, bu məsələ həll olunmur. Yəni at, eşşək əti, ənənəvi olmayan heyvanların ətlərinin satışına mütləq qadağa qoyulmalıdır. O cümlədən murdar olmuş, xəstəlikdən ölmüş heyvan ətlərinin kəsilib daşınmasına son qoyulmalıdır.

 

Şübhəsiz ki, tələb var ki, bu, meydana çıxır. O tələb ola bilsin ki, mənim də, sizin də süfrənizin üstündə olsun, restoranlarda və yaxud da haradasa bizi yaxalasın. Bu tələb əsasən dönərxanalarda yaranır. İstisna olunmur ki, hətta bəzi restoranlarda da ola bilər və s. Ətlərin qarışıq satış yerlərində də, bazarlarda da olması mümkündür.

Çox təəssüf ki, onun son nöqtəsini Azad İstehlakçılar Birliyi bilmir. Bu məsələ ölkəmizdə mövcuddur. Bu biabırçı məsələ, yəni ölmüş heyvanların satışı kənd ziyalılarının, kənd bələdiyyələrinin, müəllimlərinin, axundlarının gözü qarşısında gedir. Azad İstehlakçılar Birliyi dəfələrlə regionlarda bununla bağlı kənd dindarları ilə görüşlər keçirib, bunun ifşa olunması üçün işlər aparıb. Lakin biz buna nail ola bilməmişik.

 

Bir kitab var, 1963-cü ildə nəşr olunub. Həmin kitabda SSRİ-də 15 respublika arasında təkcə Azərbaycanda eşşək əti yeməli ət kimi qeyd olunub və onun qiymətləri də göstərilib. Sonradan biz öyrəndik ki, bunu ermənilər tərtib edib o vaxtı . Hətta bizi eşşək əti yeyən bir xalq kimi təsvir etmək istəyiblər və 63-cü ildən bu işi görürlər.

Bu işlə məşğul olan insanlar bu pis əməldən mütləq əl çəkməlidir. İnsanlar bunu ifşa etməlidir və buna son qoyulmalıdır. Daxili İşlər Nazirliyinin apardığı iş çox mükəmməldir. Düşünürəm ki, bu quruma daha böyük səlahiyyətlər verilməlidir”.

Sədr onu da əlavə etdi ki, bazarın digər seqmentlərində də insanların sağlamlığına mənfi təsir göstərən bu kimi ciddi problemlər yaşanır.

Tacxeber.com

Oxşar xəbərlər