• 22 Noyabr 2024 22:27

Bakı Usubovu Tiflisə göndərdi: Bu suala cavab istəyir

Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfəri iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqəli olsa da, bu, həm də rəsmi Bakının Tiflisin siyasətiylə bağlı bir neçə suala cavab axtarışıdır.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu TŞ katibi Ramil Usubovun Gürcüstana səfəri haqda bildirib.

 

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, bir müddət əvvəl Ermənistanla strateji tərəfdaşlıq barədə saziş imzalayıb:

 

“Bu, Gürcüstanın hüququdur, qonşu dövlətlərlə sıx əlaqələrə malik olmaq istəyir. Buna baxmayaraq, Gürcüstanın Ermənistanla strateji tərəfdaşlığın mahiyyətini öyrənməyə ehtiyac var. Misal üçün erməni rəsmilər Gürcüstanla hərbi-texniki əlaqələrin inkişafının vacibliyi barədə açıqlamalar səsləndiriblər. Bu nə deməkdir? Axı Gürcüstan hərbi sahədə NATO ilə əməkdaşlığa, o cümlədən Azərbaycan və Türkiyə ilə üçlü ittifaq çərçivəsində əlaqələrə üstünlük verir. Doğrudur, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır və bu, hardasa, Gürcüstanın da maraqlarına cavab verir. Ancaq bu hələ baş verməyib və Gürcüstan ərazilərini işğal edən Rusiya Ermənistanda hərbi baza varlığını davam etdirir.

 

Azərbaycan cəmiyyətində müzakirə edilən digər sual rəsmi Tiflisin Fransanın növbəti hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaradıb-yaratmayacağıyla bağlıdır. Tiflis bu dəfə də Fransa hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaratsa, bu, Azərbaycan cəmiyyətində yeni suallar yaradacaq. Bu səbəbdən Ramil Usubovun Gürcüstana səfəri və Tiflisdə apardığı müzakirələr həm nəbz yoxlaması, həm də qonşu ölkəni yanlış addımdan çəkindirmək məqsədi daşıyır”.

Tacxeber.com

Oxşar xəbərlər