• 23 Noyabr 2024 13:01

Doğum günündə Anara məktub: “Bu qədər illər bəs etmədimi?”

Azərbaycan Yazıçılar Birliyinin üzvü Emil Rasimoğlu doğum günü münasibətilə yazıçı Anara açıq məktub yazıb.

 

Tacxeber.com tənqidi məqamların da yer aldığı həmin məktubu təqdim edir:

 

Hörmətli Anar müəllim, siz 37 illik sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat anlayışlarını tanımaq istəmədiniz. Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz-üzə gəldiniz. Kimlər GƏNCLİYindən, GƏLƏCƏYindən keçmədi ki?! Xarakterini sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də…

 

Mənsub olduğunuz qurumu necə istədinizsə eləcə də idarə etdiniz. Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də!

 

Bu qədər illər bəs etmədimi? Vəzifə hərisliyi, kürsü doğmalığı budurmu, Anar müəllim? Yox, bu deyilsə ömrünüzün bu çağında 37 illik bir vəzifədən getməməyin adı nədir? Yoxsa, unudulmaq qorxusudur, şöhrət hissidir? Əgər bunlardırsa qətiyyən narahat olmayın, sizi xatırladacaq kifayət qədər əsərləriniz, imzanız var. Ya həqiqətənmi düşünürsünüz ki, əvəzolunmazsınız? Həqiqətənmi düşünürsünüz ki, siz getsəniz Yazıçılar Birliyi məhv olar və ya onu sizdən başqa heç kim idarə edə bilməz? Bu suallara cavabınız varsa, buyurun.

 

Heç olmasa, bircə dəfə də olsun dönüb ətrafa baxıb, ətrafın bu məsələlərlə bağlı nə düşündüyü haqqında maraqlandınızmı? Təbii ki, mən ətraf deyərkən Elçin Hüseynbəyliləri, Rəşad Məcidləri, Azər Turanları və bu kimi mövqeyi “güllələnmişlər”i yox, necə deyərlər, illərin dəyirmanından “diri” çıxanları, çıxmaq “gücündə” olanları nəzərdə tuturam.

 

Hörmətli Anar müəllim, sizin ömrünüzün bu gün mübarizə, mücadilə dönəmi yox, müzakirə, istinad dönəmidir. Hər nə varsa öz vaxtında daha ucadır, daha gözəldir. Siz Yazıçılar Birliyinin rəhbərlik postundan getməli idiniz, getməlisiniz…

 

İnanıram ki, siz də gələcəyi sevirsiniz. Amma unutmayın! Gələcəyi sevmək gələcəyin qarşısında dayanmaq, gələcəklə “döyüşmək” anlamına gəlmir.

 

Doğum gününüzü təbrik edir, sizə “döyüşsüz” günlər arzulayıram!”

Tacxeber.com

Oxşar xəbərlər