• 24 Noyabr 2024 07:08

Qəbələ “od tutub yanır”: 850 manatlıq otel, 180-ə çay dəstgahı…

Qəbələ Bakıdan 225 km məsafədə yerləşir. Bura istirahətə getmək üçün həm şəxsi avtomobildən, həm taksidən, həm sürət qatarından, həm də avtobusdan istifadə etmək mümkündür. 

 

Bakıdan-Qəbələyə getməyin ən ucuz yolu avtobus olduğu, həm də onlayn bilet almaq mümkün olduğu üçün onu seçdim. Bu avtobuslar hər gün Bakı avtovağzalından sutkanın istənilən saatında yola düşür, 1 nəfər üçün qiyməti isə 9 manat 84 qəpikdir.

 

Amma burada “yazılmamış qanunlar” hökm sürür. Belə ki, qrafiklə işləyən avtobuslar həm də reysdənkənar fəaliyyət göstərir, avtovağzaldakı 2 nəzarət yoxlamasını “yola verəndən” sonra sürücülər yolboyu sərnişinləri avtobusa mindirməyə davam edir. Məhz bu səbəbdən Qəbələyə düz 4 saat 38 dəqiqəyə gəlib çıxdım.

 

Qəbələdə ilin bu vaxtlarında rahat şəkildə fərdi evlərdən, kotteclərdən tutmuş ən yüksək xidmət təklif edən beşulduz otellərə qədər çox yerdə gecələmək mümkündür.

 

 Buradakı məşhur otel və ya kotteclərdə bir gecəlik qiymətlər 40 manatdan 850 manatadək dəyişir. Bu qiymətə səhər yeməyi, hovuz, əyləncə məkanlarından istifadə də daxildir.

 

Qaldığım otelin işçiləri bildirdi ki, bayramqabağı otaq qiymətlərində hər zaman artım olur. “Yeddi gözəl” otelinin bir gecəlik qiyməti 40-120 manat arası dəyişir, bura səhər yeməyi də daxildir. “Nohur hotel Qəbələ”də isə bayram günü 1 gecəlik qiymət 163 manatdır. Bayram günləri “LakeSide Hotel & Spa”nı seçsəniz bir gün gecələmək üçün 121 manat ödəməlisiniz. Beş ulduzlu “Qafqaz Riverside Hotel”in bir gecəsi 195, “Gabala Garden Hotel”də 180, “Qafqaz Tufandag Mountain Resort Hotel”  255, “Allseasons Hotel Gabala”da isə 314 manatır.

 

Qəbələdə ən yüksək gecələmə qiyməti isə kotteclərdədir. Şəraitindən asılı olaraq burada gecələmək 2 nəfərə 100 manatdan 850 manatadək başa gəlir. Amma insafən deyim ki, bu kotteclərin içində hər cür şərait – SPA, sauna, cakuzi, filmə baxmaq üçün projektor, isti hovuza qədər hər şey var.

 

Qəbələyə getdinsə, astronomik restoran qiymətlərinə də hazır olmalısan, ilk gün bundan xəbərsiz olsam da, növbəti günlərdə ağıllanmışdım. Artıq əvvəlcə gedəcəyim restoranı sosial şəbəkələrdə tapır, onlardan menyunun PDF versiyasını yollamalarını istəyirdim.

 

Bəzi menyulara nəzər saldıqca düşünürdüm ki, xidmət sektorundakı sahibkarların çoxu insanları soymaqla məşğuldurlar. Onları nə müştəri məmnuniyyəti, nə davamlı turist axını, nə də Azərbaycan turizmi maraqlandırır. Qəbələdə çay dəstgahını 180 manata, səbzi plovu, hinduşka kababını 100 manata təklif edən restoranlar kifayət qədər çoxdur. Demək olar ki, bütün restoranlarda servis haqqı da 10 faizdir.

 

İlk gün nahar etmək üçün “Qəbələ Xanlar” restoranına üz tutdum, burada qiymətlər rəqiblərinə nisbətən normaldır: yarpaq dolması 7 manat, hind quşu kababı 12, quzu sacı 45, can əti sacı 50, qutabın biri 3, turşu 6 manat…

 

Daha sonra Qəbələnin mərkəzində yerləşən “Köşəm” restoranına yollandım, amma restorana girib menyuya baxdığım anda kartımdakı pulların böyük hissəsini bura ödəyəcəyimi hiss etdim. Bakıda 25-30 manata təklif olunan səhər yeməyi seti burada 40 manatdır. Bir porsiya pomidor-yumurta 7, qayğanaq 5 manata təklif olunur.  Pizza 21, spagetti 12 manatdır.

 

Restorana özəl güvəcdə quzu 80 manat, sobada duzla toyuq 60 manat, çoban qovurma 30, şah plov 70, qaymaqlı toyuq 30, assorti kabab 120 manata təklif olunur.

 

Təbii ki, Qəbələdə daha ucuz qiymətə də restoranlar tapmaq olur, amma bu restoranlarda keyfiyyət və xidmət səviyyəsi həqiqətən çox aşağıdır.

 

Getdiyim restoranlar arasında həm keyfiyyət, həm xidmət, həm də qiymət baxımından ən sərfəli olanı Nic kəndində Udi ocağı tarixi etnoqrafik muzeyinin restoranı idi. Bu restoranda quzu, qaban kababı 6 manata, kabab assorti 9, döymə lülə 6, sac 20-25, qızardılmış balıqlar 3-4 manata təklif olunur.

Tacxeber.com

Oxşar xəbərlər