• 25 Noyabr 2024 04:19

Oruc tutarkən insan orqanizmində nələr baş verir?

Şübhəsiz oruc tutmağın insan orqanizminə bir çox faydası var. Bəs görəsən, oruc tutarkən bədəndə hansı proseslər gedir?


Tacxeber.com
 xəbər verir ki, tanınmış türkiyəli dietoloq, qidalanma və pəhriz mütəxəssisi Gözdenur Çavuş Uka bununla bağlı araşdırma aparıb.

 

Onun əldə etdiyi nəticələri təqdim edirik:

 

İlk 3 gün – Yığılmış yağlar əriyir

 

Sonuncu yeməkdən 8 saat sonra bağırsaqlar istehlak edilən bütün qidaları tam həzm etdikdə orqanizm insanın oruc tutduğunu anlayır. Sonrakı mərhələdə orqanizm enerji ehtiyacını ödəmək üçün əzələlərdəki və qaraciyərdəki qlükozaya üz çevirir. Qlükoza tamamilə istehlak edildikdə, bədəndə yığılmış yağlar enerji mənbəyi kimi istifadə olunmağa başlayır. Yağların enerji olaraq istifadəsi təkcə arıqlamağa yox, həm də xolesterol səviyyəsini tənzimləməyə kömək edir. Bədəndəki hüceyrələr sahurdan 12-16 saat sonra “autofagiya” adlı prosesə başlayır. Bu proses zamanı hüceyrələr parçalanır, həmçinin müəyyən vaxt ərzində əmələ gələn ölü və ya funksiyası pozulmuş zülallar çıxarılır, hüceyrələr yenilənir. “Autofagiya” nisbətinin artması xərçəng və alzheimer kimi xəstəliklərin riskini azaldır.

 

3-7 gün – Aclığa alışma müddəti

 

Bədən tədricən aclığa alışmağa başlayır. Ancaq 3-7 gün ərzində susuzluğa alışma prosesi hələ də davam edir. Bədənin normal funksiyalarını yerinə yetirmək üçün kifayət qədər su və maye olmadığı zaman baş verən dehidrasiyaya diqqət yetirmək lazımdır. Xüsusilə iftar və sahur arasında 2-3 litr su istehlak etməyə diqqət yetirilməlidir. Digər tərəfdən, susuzluğa bağlı olaraq miqren tutmaları, quru dəri, qusma və böyrək problemləri yarana bilər.

 

7-15 gün – Orqanizm yenilənir

 

Orucun 8-ci günündən başlayaraq orqanizm oruc tutma sisteminə tam uyğunlaşmağa başlayır. Normal vaxtlarda çox kalorili qidalar qəbul etdikdə bədənimiz əhəmiyyətli funksiyaları yerinə yetirə bilmir. Lakin orucun 8-ci günündən etibarən bu vəziyyət yenidən tarazlaşmağa başlayır və orqanizm özünü yeniləməyə başlayır.

 

15-30 gün – Detoksifikasiya prosesi

 

Ramazan ayının ikinci yarısından başlayaraq bədənimiz bioloji və psixoloji olaraq gün ərzində aclığa tam uyğunlaşır. Bu mərhələdə bədəndə detoksifikasiya prosesi başlayır. Qaraciyər, böyrəklər, bağırsaqlar, bir sözlə, bütün orqanlar bu 2 həftəlik müddət ərzində ən yüksək gücü ilə işləyir və orqanizm tədricən toksinlərdən təmizlənir. Bundan əlavə, diqqətimiz, yaddaşımız və enerji səviyyəmiz yenidən güclənir. Yaşlanma ilə yanaşı bir çox xroniki xəstəliklərə (şəkərli diabet, piylənmə, xərçəng və s.) səbəb olan oksidləşdirici stressə qarşı orqanizmin müqaviməti artır.

 

Orqanizmin orucdan faydalanması üçün iftar və sahurda bəzi yanlış vərdişlərdən imtina etmək lazımdır.

 

Sıx təkrarlanan yanlış vərdişlər əsasən aşağıdakılardır:

 

 – İftarda tələsik və böyük porsiyalarda yemək;

 

 – İftardan dərhal sonra desert yemək;

 

 – Günü qeyri-aktiv keçirmək;

 

 – İftarla sahur arasında orqanizmi susuz saxlamaq;

 

 – Susuzluğu yatırtmaq üçün qazlı/şəkərli içkilər, çay və qəhvə istehlak etmək;

 

 – Sahur etməmək;

 

 – Sahuru tələsik etmək və ağır kalorili qidalar yemək.

Tacxeber.com

Oxşar xəbərlər