• 24 Noyabr 2024 14:51

“Zaporojye AES kollaps həddindədir” – MAQATE

“Müharibənin iki ili ərzində stansiya səkkiz dəfə elektriksiz qalıb, hazırda yeddi nüvə və fiziki təhlükəsizlik protokolundan altısı pozulub…”

 

“Stansiyada yaxınlıqda yerləşən şəhər və qəsəbələrdən atom stansiyasından anlayışı olmayan personal yığılıb…”

MAQATE Zaporojye Atom Elektrik Stansiyasının Ukraynanın nəzarətinə qaytarılmasını tələb edir

Zaporojye AES-in təhlükəsizlik sistemləri o qədəd deqradasiya olunub ki, hətta işlək olmayan vəziyyətdə belə təhlükəli ola bilər.

 Bu barədə Almaniyanın “Deutsche Welle” teleradioşirkəti məlumat yayıb.

MAQATE-nin baş direktoru Rafael Qrossinin sözlərinə görə, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən keçən müddət ərzində stansiya səkkiz dəfə elektriksiz qalıb, hal-hazırda MAQATE-nin yeddi nüvə və fiziki təhlükəsizlik protokolundan altısı tam və ya qismən pozulub.

Bundan başqa, Qrossi qeyd edib ki, stansiya “kadr təminatı, yoxlama və kritik vacib təhlükəsizlik sisteminə xidmət göstərilməsi, habelə tədarüklər zəncirinin logistikasının etibarlılığı ilə bağlı problemlərlə üzləşməkdə davam edir”.

Ukraynanın “Enerqoatom” dövlət şirkətinin prezidenti Pyotr Kotinin deməsinə görə, Rusiyanın “Rosatom” şirkəti ilə müqavilə bağlamayan 300-dən çox işçi stansiyaya girişdən məhrum edilib.

O, əlavə edib ki, müharibədən öncə Zaporojye AES-in istilik blokları modernləşdirilib və Rusiya analoqlarından xeyli dərəcədə fərqlənir. Ona görə də onlara xidmət göstərilməsi üçün ixtisaslaşmış adamlar lazımdır.

 

“Orada yaxınlıqda yerləşən şəhər və qəsəbələrdən atom stansiyasından anlayışı olmayan, stansiyanı yalnız uzaqdan görən personal yığılıb”, – Kotin deyib.

Ekspertlər qeyd edir ki, atom stansiyasının əksəriyyət sistemləri lazımi xidmət olmadan, sadəcə, deqradasiyaya uğrayır, hətta işlək olmayan vəziyyətdə belə təhlükə törədir.

O cümlədən bu, soyuq dayanma vəziyyətində, yəni aşağı təzyiq və soyuducu suyun aşağı temperaturunda söndürülmüş reaktorla olan nüvə bloklarının soyudulması sistemlərinə aiddir.

“Rusiya işğalçıları artıq bir neçə dəfə AES-in birinci konturundan nüvə yanacağını soyudan bor turşusunun nüvə blokunun ikinci konturuna sızması barədə məlumat verib”.

Bunu nəşrə Ukrayna Dövlət Nüvə və Radiasiya Mərkəzinin nüvə və radiasiya təhlükəsizliyi üzrə Elmi-Texniki Mərkəzinin təhlil bölməsinin rəhbəri Dmitri Qumenyuk bəyan edib. Onun sözlərinə görə, avadanlığın nəzarətedilməyən sıradan çıxması ehtimalı artır.

Zaporojye AES-in bundan sonra istismar edilmə risklərini nəzərə alaraq MAQATE-nin İdarəetmə Şurası stansiyanın təcili olaraq Ukraynanın tam nəzarətinə qaytarılmasını tələb edib.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Zaporojye AES-in Ukraynanın nəzarətinə qaytarılması üzrə istənilən sənədlər və bəyanatlar “Rusiyanın suverenliyinin pozulması” hesab edilir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər