• 22 Noyabr 2024 23:05

“Bu səriştəsizlərin üzündən sentyabrın 15-də çox uşaq məktəbə gedə bilməyəcək”

“Azərbaycanda valideyn Marsa, Saturna gedə bilər. Amma Azərbaycandakı bağçaya, məktəbə getməsi əlçatan deyil. Çünki təhsil sistemi kiminsə əlində cəmlənib, o da öz  maddi maraqları naminə bunu edir”.

Bu sözləri Yenisabah.az a təhsil eksperti Kamran Əsədov Elm və Təhsil Nazirliyinin elektron sistemində məktəb və bağçalara qəbul üçün qeydiyyata düşənlərə daha sonra yerlərin dolduğuyla bağlı ənənəvi cavabın verilməsinə münasibət bildirərkən deyib.

O əlavə edib:

“Bu, birinci hal deyil. Hətta, hörmətli akademik Abel Məhərrəmov bir neçə il bundan öncə, tələbəyə “pul versəydin, sən də keçərdin” demişdi. Hazırda Elm və Təhsil Nazirliyinin elektron xidmətlərdə “Bir pəncərə” prinsipinə riayət olunur. İstər birinci siniflərə şagirdlərin qəbulu, istər şagirdlərin yerdəyişməsi, istər ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi müəllimlərin, direktorların işə qəbulu və s. Bunların hər biri elektronlaşıb. Yəni, kimsə “Bir pəncərə” sistemindən pul yığır”.

O, deyib ki, bu hallara qəsdən icazə verilir:

“Hazırda Azərbaycanda 1693 uşaq bağçası olmaqla, ümumilikdə 125 minlik yer var. Bakı şəhərində isə 220-dən çox uşaq bağçası var. 2021-ci ilin dekabrına qədər uşaq bağçaları, körpələr evi icra hakimiyyətlərinin balansında olanda uşalqarın orta məktəblərə qəbulu heç bir problem olmadan həyata keçirilirdi. Amma dediyim sahələr Elm və Təhsil Nazirliyinin tabeliyinə veriləndən sonra boş yerlər yox oldu. Görünən odur ki, bu boş yerlər də Elm və Təhsil Nazirliyində hansısa sektor müdirinin cibinə gedir. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu hallar əvvəl də var idi, indi də rüşvətin müqabilində siyahıda kimisə qabağa salırlar. Elektron sistem ona görə qurulub ki, vətəndaşlar heç bir məmurla təmasda olmadan övladlarını uşaq bağçasına yazdırsınlar. Nazirlikdə olanların yaxınları, dostları, qohumaları yaxşı bağçalara, yaxşı məktəblərə qeydiyyatdan keçirilir, amma digər sadə vətəndaşlar növbə gözləməkdədirlər. Buradan belə nəticəyə gəlmək olar ki,  Azərbaycan təhsil  sistemi ancaq Elm və Təhsil Nazirliyindəkilərin qohumlarına, dost-tanışlarına xidmət edir”.

Təhsil eksperti  bu halların nəticəsində bu il çoxlu sayda uşağın birinci sinifə gedə bilməyəcəyini də vurğulayıb:

“Mən sizə bu cür səriştəsizlik səbəbindən sentyabrın 15-ində çoxlu sayda uşağın birinci sinifə gedə bilməyəcəyini dəqiq deyə bilərəm. Qəbul zamanı “ərazi prinsipi”nin tətbiq olunduğunu deyirlər, amma sadə vətəndaşlar növbəsinin çatmasını gözləyir, kimlərsə də növbədənkənar tanış-bilişinin həmin bağçalara qəbulunu həyata keçirir. Bunlar da qeyri-qanuni yollarla, tapşırıq, maddi maraq müqabilində baş verir. Əvvəllər heç olmasa, uşaqlarımızı bağçaya qoya bilirdik. İndi isə Elm və Təhsil Nazirliyində işləyən kiminsə ailə üzvlərilə qohumluğun, dostluğun, tanışlığın olmalıdır ki, onlar gözəlllik salonlarından çıxanda yaxınlaşıb boynubükük şəkildə xahiş edəsən ki, uşağını bağçaya, məktəbə yerləşdirsin. Ölkədə təhsilə çatımlılıq mümkün deyil. Azərbaycanda valideyn Marsa, Saturna gedə bilər. Amma Azərbaycandakı bağçaya, məktəbə getməsi əlçatan deyil. Çünki təhsil sistemi kiminsə əlində cəmlənib, o da öz  maddi maraqları naminə bunu edir”.

Kamran Əsədov bununla bağlı müraciət etdiyini, amma hələ də nazirlikdən onun müraciətlərinə cavab verilmədiyini bildirib:

Şəxsən mən, bununla bağlı Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişəm. Beş məktəb adı çəkmişəm ki, ora qəbul olmuş uşaqların fin kodlarını versinlər, həmin ərazidə qalıb-qalmadıqlarını yoxlayaq.

Bakı şəhər üzrə Təhsil İdarəsinə aid olan məktəblərdə də bu hallar var. Amma nazirliyin tabeliyində olan olan məktəblərdə daha çoxdur. Bakı şəhəri 20 nömrəli məktəb, Xətai rayonunda yerləşən Humanitar Fənnlər Təmayüllü Məktəb lisey və. s digər məktəblərdə monitorinq aparaq. Doğrudanmı, bu məktəblərə qəbul zamanı şəffaflıq tam təmin olunub? Məktəbin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı-qardaşının həmin məktəbdə təhsil alması, valideynlərin orada dərs deməsi kimi şərtlərə əməl olunubmu? Bu suallara cavab verilmədiyi üçün biz onların şəffaf işlədiyinə şübhə edirik”.

İmamət İSMAYILOVA 

Tacxeber.az

Oxşar xəbərlər