Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Tikinti və inşaat bazarında müəyyən dərəcədə bahalaşma gözlənilir. Bu haqda “Yeni Sabah”a danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov açıqlama verib.
Ekspert bildirib ki, tikinti şirkətləri arasında rəqabət azalıb:
“Yaxın keçmişə nəzərə salsaq, görərik ki, ölkədə qiymət artımı əsasən tikinti materiallarının, bəzi strateji malların bahalaşması nəticəsində başladı. Bildiyimiz qədər, işğaldan azad olunan ərazilərdə 2020-ci ildən sonra kütləvi inşaat başladıqda, ələxsus, armatur kimi və digər kütləvi inşaat mallarının qiymətində artım müşahidə olundu. Məsələn, armatur 60-65 faiz bahalaşdı. Bu isə böyük bir göstəricidir. Bu artım nəticəsində tikinti şirkətləri qiymətləri qaldırmağa başladılar. İkinci təkan isə inşaat sektoruna tətbiq olunan yeni normativlər oldu. Tikinti həcmi azaldı. Şirkətlər əvvəllər 1 hektar sahədə 50 min kvadrat metrlik bir bina inşa edirdilərsə, bu göstərici iki dəfəyə qədər azaldı. Rusiya və Ukrayna ərazisindən ölkəyə kütləvi axın isə tikinti şirkətlərinin qiymətləri artırmasının üçüncü səbəbi oldu. Bütün qiymətlərin bahalaşmasında əsas rolu tikinti şirkətləri oynayır ki, qiymətlərin artım səbəbi də məhz bu müəssisələrdir. 2022-ci ilin sonuna kimi bu tendensiya davam etdi”.