Türkiyədə növbədənkənar prezident seçkisi?
“Kommersant” nəşri qardaş ölkədə sabah keçiriləcək bələdiyyə seçkilərindən və Prezident Ərdoğanın mümkün planlarından yazıb.
Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkiləri Rusiya mediası da diqqətlə izləyir. Musavat.com xəbər verir ki, “Kommersant” nəşri sabahkı seçki ilə bağlı geniş təhlil dərc edib.
Rusiya nəşrinin qiymətləndirməsinə görə, bu seçki 2028-də olacaq prezident seçkisinin baş məşqi hesab oluna bilər. “Diqqət hazırda müxalifətin nəzarəti altında olan ölkənin ən böyük şəhərlərindəki bələdiyyələrə yönəlib. Onların arasında hazırkı bələdiyyə başqanı Əkrəm İmamoğlu ilə hakim Ədalət və İnkişaf Partiyasının iddialı təmsilçisi Murat Kurumun yaraşıcağı İstanbul da var. Ekspertlər qeyd edirlər ki, prezident Rəcəb Tayyib Ərdoğanın müttəfiqlərinin bu seçkilərdə uğurlu çıxışı sonradan konstitusiya dəyişikliklərinə yol aça bilər – məsələn, dövlət başçısının ardıcıl üçüncü müddətə yenidən seçilməsini qadağan edən müddəa ləğv edilə bilər” -nəşr tazır.
“Kommersant” xatırladır ki, 2019-cu ildə ölkənin altı ən böyük şəhərindən beşində- İstanbul, Ankara, İzmir, Antalya və Adanada birləşmiş müxalifət qalib gəldikdən sonra hakim Ədalət və İnkişaf Partiyasının mövqeyi xeyli sarsıldı: “Yeganə istisna Bursa idi. İndi Türkiyə hakimiyyəti 2028-ci il seçkilərində müxalifətdən gələn hər hansı təhlükəni aradan qaldırmaq üçün mövqelərini gücləndirmək niyyətindədir. Hələlik, rəy sorğularına görə, ölkədə hakim partiyaya dəstək 33,5% səviyyəsində qalır. Əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasına 25,1% faiz dəstək var.
Martın 31-də keçiriləcək seçkilər həm də ona görə önəmlidir ki, “bu, mənim üçün finaldır” deyən 71 yaşlı siyasətçi Ərdoğan ilk dəfə olaraq dövlət başçısı postuna bir daha namizədliyini irəli sürməyəcəyini bildirib. Yəni səsvermə həm də dövlət başçısı postunun potensial varislərini üzə çıxara bilər”.
Rusiya nəşri yazır ki, analitiklərə görə, Ərdoğan əslində postunu tərk etmək niyyətində deyil: “Türkiyənin müxalifət kanalı NTV-nin xəbərinə görə, hazırkı prezident İstanbul və Ankaranı öz nəzarətinə qaytara bilsə, bu, son nəticədə güc balansını dəyişə bilər. NTV qeyd edir ki, martın 31-də keçirilən səsvermə müxalifəti parçalaya və hakimiyyətə Türkiyə parlamentində əlavə səslər gətirə bilər. Bu da ölkə rəhbərliyinə konstitusiyaya əlavə dəyişikliklər edilməsi şansını artıracaq. 101-ci maddəyə görə siyasətçinin iki dəfədən artıq prezident vəzifəsini tutmaq hüququ yoxdur. 2003-cü ildə Rəcəb Tayyib Ərdoğan o vaxtkı əsas baş nazir postunu tutub, 2014-cü ildə prezident olub, 2018-ci ildə konstitusiya dəyişikliklərindən sonra müddətlər sıfırlanıb, 2023-cü ildə isə siyasətçi yenidən seçilib”.
Nəşr yenə də MTV-yə istinadən yazır ki, Türkiyədə növbədənkənar prezident seçkilərinin elan olunması ilə bağlı plan var. “Belə olan halda isə konstitusiyanın 116-cı maddəsində qeyd olunduğu kimi, hazırkı dövlət başçısının yenidən namizədliyini irəli sürmək hüququ var. Bunun üçün isə Rəcəb Tayyib Ərdoğana parlament üzvlərinin 360 səsi lazımdır. Hakim partiya ilə müttəfiqinin(MHP) hazırda parlamentdə 313 yeri var.