Fransa Ukraynaya köhnə, lakin hələ də işlək olan yüzlərlə zirehli texnika, eləcə də “Aster” raketləri verəcək.
Bunu “La Tribune” nəşrinə müsahibəsində ölkənin müdafiə naziri Sebastyan Lekornue bildirib.
“Belə böyük cəbhə xəttini qorumaq üçün Ukrayna ordusuna zirehli texnika lazımdır. Bu, qoşunların hərəkəti üçün əsas amildir. Hələ də işlək vəziyyətdə olan bu köhnə avadanlıqlar Ukraynaya fayda verə biləcək. 2024-cü ildə və 2025-ci ilin əvvəlində yüzlərlə belə avtomobilin təqdim edilməsindən danışa bilərik”, – nazir deyib.
Qeyd olunur ki, söhbət 40 ildən çox yaşı olan VAB zirehli transportyorlarından gedir. Onlar indi Fransa ordusunda yeni nəsil “Qriffon” zirehli maşınları ilə əvəz olunurlar.
Nazir qeyd edib ki, Kiyevin hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün israrlı müraciətlərinə cavab olaraq, Paris həmçinin “Aster 30” raketlərinin yeni partiyasını buraxacaq.