“Dəlləkliyi bizim üzərimizdə öyrənirlər”. – Azər Bağırov
“Sumqayıt”ın yaxşı yeni tikilmiş stadionu var, xeyirli olsun. İnşallah bu il, gələn il avrokuboklarda iştirak edərlər. Oyun barədə çox danışmaq istəmirəm, əsəbiyəm. Sağ olsunlar hakimlər”.
Bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 28-ci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis hakimlərdən narazılığını açıq şəkildə ifadə edib: “Artıq hakimlərdən danışmaqdan yorulmuşam, amma onlar yorulmayıblar. Dəlləkliyi bizim üzərimizdə öyrənirlər. Penalti epizodu olsun, ya Miçonun ağzının qanadığı epizod. Məncə, bunları görmürsənsə, ya hakimlik etməsinlər, ya əvvəldən desinlər, biz də işimizi bilək. Bunları görmürsənsə, hakimlik etmə. Amma məcbursan bunu görməyə. Sonra da deyirlər Azər danışır. Necə danışmayım… Cavanlarla oynayırıq, az-çox nəsə etmək istəyirik. Danışanda da deyirlər ki, günahını hakimlərin üzərinə atır. Əsla belə deyil. Ötən tur “Qəbələ” ilə oyunda Elçin Məsiyev qırmızı vərəqə verdi, 40 dəqiqə azlıqda oynadıq. Təşəkkür edirəm, çox sağ olsun. Haqqımız idi, aldıq. Məğlub olsaydıq belə, hakimlikdən danışmayacaqdım. Çünki səhv futbolçunun idi, mənim idi. Futbolçum günahkardısa, səhv mənimdir. Barış Şimşək gəlib futbol öyrədir, hərdən də futboldan danışır… Sağ olsunlar”.
O, “Araz-Naxçıvan”ın qışdan sonrakı enişinin Miço Kuzmanoviçin zəif çıxışı ilə əlaqələndirməyib: “Kuzmanoviç lider deyildi, komandaya yeni qoşulmuşdu. Üstün cəhətləri var. Lakin artıq 5-6 turdan sonra rəqiblər də analiz edirlər, zəif və üstün cəhətlərini bilirlər, buna qarşı tədbir görürlər. Futbolçu üzərində işləyib artırmalıdır. Qaçmasa, qaçmasa, bu gün 11 km qaçıb. Amma epizodları dəyərləndirə bilmir. “Qəbələ” ilə matçda 2 səhvlə yadda qaldı. Biz normalda bu gün onu oynatmamalıydıq. Lakin psixoloji cəhətdən dəstək olmaq üçün şans verdik. Demirəm pis oynadı, amma ümumilikdə ümidləri doğrultmadı”.
A.Bağırov “Araz-Naxçıvan”ın mövsümün ikinci yarısındakı zəif çıxışını rəqiblərin komandaya ciddi yanaşması ilə əlaqədar olması fikri ilə razılaşmayıb: “Əsla belə fikirləşmirəm. Sadəcə biz qışda güclənə bilmədik. Hücum xəttində rəngarənglik yaratmaq istəsək də, alınmadı. Qışdan sonra da çox yaxşı oyunlarımız olub. Deməzdim ki, komandada eniş var. Bu gün sanki xof yaranıb ki, “Araz-Naxçıvanı” yuxarıda görmək istəmirlər. Daha əvvəl də demişəm, bizdəki yerli oyunçular keçən il normal futbol oynamayıblar. Yerli futbolçu baxımdan kasadlıq var”.