“İran “Crocus”a hücumdan bir neçə gün əvvəl Rusiyanı xəbərdar edib” – “Reuters”
“İran hakimiyyəti “Crocus City Hall”a hücumdan bir müddət əvvəl Rusiyaya ölkədə böyük terror aktı baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Rusiyadakı terror aktından bir neçə gün əvvəl Tehran İranda ölümcül partlayışlarla bağlı həbs edilən şəxslərin dindirilməsi zamanı Rusiyada mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə bölüşüb”, – mənbələrdən biri bildirib.
Agentliyin ikinci mənbəsi bildirib ki, Tehranın məlumatında terrorçuların vaxtı və dəqiq hədəfi ilə bağlı konkret təfərrüatlar yoxdur:
“İranda həbs olunan terrorçulardan biri bildirib ki, qruplaşmanın bəzi üzvləri artıq Rusiyaya gediblər”.
Nəşrin digər mənbəsi bildirib ki, İran illərdir terror aktları ilə üzləşib, ona görə də İran hakimiyyəti həbs edilmiş terrorçulardan alınan məlumat əsasında Moskvaya xəbərdarlıq etmək öhdəliyini yerinə yetirib.
Kremlin sözçüsü Dmitri Peskov “Reuters”in xəbəri ilə bağlı sualı cavablandırarkən, bu barədə məlumatı olmadığını deyib. Rusiya Xarici İşlər Nazirliyində həmçinin İranın Rusiya tərəfinə terror aktı hazırlığı barədə məlumat ötürməsi barədə məlumatın olmaması deyilib.