• 23 Noyabr 2024 05:35

Elxan Məmmədov: “Tənqidlərdən ötrü darıxıram”

“Sizi görməyə çox şadam. Mənim üçün sizin qarşınızda çıxış etmək, ikiqat yox, 10 qat həyəcanlıdır. Biz birlikdə 15 il ərzində işləmişik”.

 

Bu sözləri FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov AFFA-nın Hesabat-Seçki Konfransında çıxışı zamanı deyib.

E.Məmmədov 15 il ərzində Rövnəq Abdullayevlə birgə çalışmaqdan şərəf duyduğunu bildirib: “Dünən axşam düşünürdüm ki, bu gün çıxışım zamanı nə deyəcəyəm? Çünki hər zaman qarşınızda çıxış etməmişdən qabaq buna hazırlaşırdım. Ancaq axşam düşündüm ki, hazırlaşmayacağam və ürəyimdən keçən sözləri sizə çatdıracağam. Çalışacağam ki, səmimi olum. Hörmətli Rövnəq müəllim, 15 il sizin kimi rəhbərlə işləmək mənim üçün şərəf idi. Bu 15 il ərzində siz əməkdaşlara böyük hörmətlə yanaşırdınız, öz təcrübənizi, biliyinizi əməkdaşlarla bölüşürdünüz.

Sizinlə çalışmaq mənim beynəlxalq karyeram üçün böyük kömək oldu. Həmin təcrübədən istifadə etməyə davam edirəm. “Neftçi”də də 2004-cü ilə futbol fəaliyyətinizə başlamısınız, Azərbaycan çempionu oldunuz, daha sonra “Birlik kuboku”nu Bakıya gətirdiniz. Daha sonra AFFA prezidenti seçildiniz. Səhv etmirəmsə, martın 16-da idi, elə həmin qalstukdan istifadə edirdiniz. İnternetdən həmin vaxtkı şəkilləri axtarırdım. Bəlkə də səhv etdim, səhvdirsə, yenidən məni tənqid etmək üçün də mövzu olar (gülür). Bəzən həmin tənqidlərdən ötrü də darıxıram”.

 

E.Məmmədov 16 ildə AFFA-nın gördüyü işlərdən də söz açıb: “O vaxtı Bakıda iki stadionumuz var idi. 16 il ərzində Bakı şəhərində infrastuktur yarandı, “Dalğa Arena”, “Bakcell Arena”, “Bayıl Arena”, bazalar, məşq stadionları. Bu təşəbbüsə klublar da qoşuldu. Cənab Prezident də dəstəyini göstərdi. Dövlət və AFFA, klublar tərəfindən inşa edilmiş meydançalardan indi də 100 faiz istifadə edilir. Son iki ildə beynəlxalq təcrübəmi qazanıram. Xarici ölkələrə gedəndə görürəm ki, inşa edilmiş stadionlardan istifadə edilmir. Amma bizdə nə inşa olunubsa, maksimum istifadə edilir”.

Elxan Məmmədov “Qarabağ”ın Avropadakı uğurlu çıxışında da toxunub: “Qarabağ”ı təbrik edirəm. Tarix yazdıq. Beynəlxalq futbol və idman ictimaiyyəti “Qarabağ”dan danışırdı, danışır. Əvvəlki illərdə püşkatmadan əvvəl danışırdıq ki, nisbətən zəif rəqib düşsün. Amma indi həmin komandalar müzakirə edirlər ki, “Qarabağ” qarşımıza çıxmasın. “Qarabağ” sürpriz edən komandadır. Stabilliyi sübut etdi. Vaxtı ilə “Neftçi” qrup mərhələsində çıxış etdi, daha sonra “Qəbələ” ardıcıl iki il qruplarda oynadı. Ardınca “Qarabağ” daim Avropanın rezidenti oldu”.

 

O, hələlik millimizin azarkeşləri sevindirmədiyini söyləyib: “Amma klublarımız inkişaf etsə, yaxın gələcəkdə milli final mərhələsində iştirak edəcək. Beynəlxalq arenada Azərbaycan futbol ölkəsi kimi tanınır. PFL rəhbərliyinə də təşəkkür edirəm. Təəssüflər olsun ki, iki nümayəndəsi burada yox, xəstəxanadadır. Onlara şəfa arzulayıram. Ümid edək ki, yaxın gələcəkdə ikisi də kubokun finalında səhnədə olaraq qalibə təqdim edərlər”.

Sonda E.Məmmədov AFFA-nın yeni prezidenti Rövşən Nəcəfə uğurlar arzulayıb: “Məsuliyyətli işdir. FİFA və UEFA olaraq öz dəstəyimizi davam etdirəcəyik”. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər