Taksi fəaliyyəti üçün lazım olan sənədlər AÇIQLANDI
Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) //e-xidmet.ayna.gov.az/ portalı üzərində elektron qaydada müraciət etməlidirlər. E-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür.
Tacxeber.com AYNA-ya istinadən xəbər verir ki, icazənin alınması üçün AYNA-ya ərizə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (EHİS-dən inteqrasiya edilir);
2. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən inteqrasiya edilir);
3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (EHİS-dən inteqrasiya edilir);
4. Sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələri (EHİS-dən inteqrasiya edilir);
5. Hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri (EHİS-dən inteqrasiya edilir);
6. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri;
8. Taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;
9. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;
10. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).